BAKI, 22 avqust — Sputnik. Beş il əvvəl Qərb Rusiyanı “Böyük Səkkizlik” (G8) kimi tanınan siyasi klubdan kənarlaşdırıb və hazırda təşkilat “Böyük Yeddilik” (G7) adlanır. İndi isə Qərb köhnə formatı bərpa etmək fikrinə düşüb, çünki təcrübə əyani olaraq göstərir ki, Moskva ilə əməkdaşlıq etmədən qlobal problemləri həll etmək çox çətindir. Lakin Rusiyaya yenidən “G8” formatına qayıtmaq sərf edirmi? Sputnik Azərbaycan xəbər verir ki, RİA Novosti-yə danışmış ekspertlər bu suala cavab verməyə çalışıblar.
Mövcud olmayan format
“Sensasiya: Tramp və Makron telefonda danışıblar və gələn il Rusiyanı “G7”yə çağırmaq qərarına gəliblər”. Amerikalı jurnalist Kayli Etvudun bu tviti dünya ictimaiyyətini yerindən oynadıb.
Qeyd edək ki, Makron avqustun 20-də rusiyalı həmkarı Vladimir Putinlə baş tutmuş görüşü zamanı Rusiyanın “G7”yə qayıtmasını arzuladığını bildirib.
Siyasi ekspertlər RİA Novosti-yə bildirirlər ki, Fransa prezidentinin Rusiyanı qaytarmaqla “G8” formatını bərpa etmək təşəbbüsü onun Qərb və Moskva arasında vasitəçi rolunu əlinə almaq istəyi ilə izah oluna bilər.
“Makron Rusiya-Avropa münasibətlərini dalandan çıxarmaq üçün vasitəçi rolunu oynamaq istəyir. Fransa həmçinin bu yay Rusiyanın AŞPA-ya qaytarılması təklifini irəli sürüb”, - “Observo” analitik mərkəzin sədr müavini İqor Delanoe deyib.
Makronun təşəbbüsünün səbəbləri
O əlavə edib ki, Fransa lideri qatı avropalıdır, lakin Avropa İttifaqının (Aİ) son illərdə üzləşdiyi çətinliklərin fonunda Makron Moskva ilə əlaqələri yaxşılaşdırmaq istəyir.
Burada digər faktorlar da rol oynayır. İlk növbədə Rusiyanın Çinlə həddən artıq çox yaxınlaşması qorxularını qeyd etmək lazımdır. RİA Novosti ilə söhbətində Rusiya Elmlər Akademiyası İctimai Elmlər üzrə Elmi İnformasiya İnstitutunun direktor vəzifələrini icra edən Aleksey Kuznetsov qeyd edib ki, Avropa Moskvanı “Pekinlə dostluq etməməyə” çağırır.
“Aİ qorxur ki, Avropa tamamilə dünya iqtisadiyyatında öz əhəmiyyətini itirəcək. Moskvaya qarşı sanksiyalar tətbiq etmiş tərəf indi onu Çinlə dost olmamağa çağırır”, - ekspert qeyd edib.
“Statusun bərpası, digər dövlət və hökumət başçıları ilə ümumi fotoşəkil çəkdirmək və buna oxşar digər ayin tipli hərəkətlər Rusiyanı o qədər də maraqlandırmır”. Bu fikri Rusiya Elmlər Akademiyası ABŞ və Kanada İnstitutunun Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin sədri Vladimir Batyuk səsləndirib.
Kuznetsov isə vurğulayır ki, hazırda Rusiya üçün BMT-nin Təhlükəsizlik Şurası kimi formatlar daha böyük əhəmiyyət kəsb edir.
“Digər problemlərin həlli üçün isə “Böyük İyirmilik” və artıq “G8”in alternativinə çevrilən "BRİKS" təşkilatı var”, - o deyib.
Hər bir halda, “Böyük Səkkizlik” liberal və ilk növbədə qərb qüvvələrinin siyasi klubudur. Lakin bu klubun konsepsiyası artıq öz aktuallığını itirib və Rusiyanın “G8”ə istiqamətlənməsi sadəcə olaraq sərfəli deyil.