FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Qamarcoba! Batumi azərbaycanlıları nəyi ilə cəlb edir

Sputnik

BAKI, 22 avqust — Sputnik. Bu yay az qala hər iki tanışımdan biri Gürcüstana getmək planından və ya artıq orada keçirdiyi unudulmaz istirahətdən, Batuminin heyranedici gözəlliklərindən, yerli əhalinin qonaqpərvərliyindən və özündə dəniz sahilini, meşələri və dağları birləşdirən Acarıstanın mənzərəli təbiətindən danışırdı.

Bu ilin iyununda Bakı və Batumi arasında açılmış birbaşa hava reysindən xəbər tutandan sonra mən də Qara dəniz sahilinin bu mirvarisini öz gözlərimlə görərək onun azərbaycanlı turistlər üçün niyə bu qədər cəlbedici olduğunu aydınlaşdırmaq qərarına gəldim.

Təyyarə Batumiyə yaxınlaşarkən illüminatordan gözə ilk növbədə çarpan şəhərin müasirliyi idi. Şəhərdə çoxlu sayda dəbdəbəli otellər, şüşə və metal örtüklü binalar, gözqamaşdıran işıqlar, velosiped cığırları və dəniz limanı olan çoxkilometrli bulvar var.

Şəhərin yeni tikilmiş bulvarı boyunca isə çimərlik yerləşir. Burada günəşin altında qaralmaq və ya Qara dənizin isti sularında çimmək olar. Batumi çimərliyində istədiyin yerdə, hətta dəbdəbəli otellərin qarşısında belə çimmək və günəş vannası qəbul etmək olar.

Batumiyə gələnlərə yerli çaxırın və yeməklərin dadına baxmaq məsləhət görülür. Bundan başqa, buranın təbiəti və görməli tarixi yerləri də ziyarətçilərin könlünü oxşayacaq.

Ayrıca olaraq yerli əhalinin qonaqpərvərliyini qeyd etmək istərdim – burada hər bir xarici vətəndaş qonaq kimi qəbul olunur.

Batumidə qiymətlər də yüksək deyil: hər kəs şəhərdə öz cibinə uyğun əyləncə tapa bilər.

Şəhərdə olduğum zaman gördüklərimdən belə bir nəticə çıxara bilərəm ki, Batumi ailəvi istirahət üçün ideal bir yerdir: siz və uşaqlarınız burada, çox güman ki, zövqünüzə uyğun əyləncə tapa biləcəksiniz.

1 / 22
Batumi çoxəsrlik tarixi olan qədim şəhərdir (onun haqqında hətta Aristotel və Plini yazırdı)
2 / 22
Qədimdə şəhəri Batus (dərin) adlandırırdılar. Hazırda Batumi Gürcüstanın əsas dəniz qapıları və dənizkənarı turizm paytaxtıdır
3 / 22
Batuminin arxitekturası heyrətamizdir: burada bir-birinə zidd olan modernizmin, klassisizmin, barokko, renessans və mavritan üslublarının eklektizmi müşahidə olunur
4 / 22
Gecələr Batuminin küçələri canlanır. Dükanlar turistləri hər cür ənənəvi şirniyyatla cəlb edirlər və bütün küçə kafelərindən musiqi səsi gəlir
5 / 22
Batuminin iqlimi subtropikdir. Buna görə də yayda mağazalarda təzə meyvələrin və tərəvəzlərin bolluğu müşahidə olunur
6 / 22
Batumidə hər zövqə uyğun əyləncə tapmaq olar: burada oyun biznesinə rəsmi olaraq icazə verilir; buranın valehedici təbiəti, çimərlikləri və dağları, dadlı yeməkləri, cana faydalı havası, zəngin işgüzar, mədəni və idman həyatı var
7 / 22
Mtirala Milli Parkında quraşdırılmış maneələr zolağı, eləcə də ziplayn (ağaclar arasında çəkilmiş troslarla xüsusi vasitələrdən istifadə etməklə aşağı enməyə imkan verən qurğu) ekstremal hisslər yaşamağı sevənlərin zövqünü oxşayacaq
8 / 22
Batuminin çimərliyi nəhəngdir – çimərlik mayak və “Ali və Nino” heykəlindən cənub-qərbə doğru uzanır və demək olar ki, bütün şəhəri dövrələyir
9 / 22
Yeni bulvar boyu müxtəlif heykəllər və instalyasiyalar quraşdırılıb. Onların yanında xatirə fotosu çəkdirmək olar
10 / 22
Batumi həm təcrübəsiz, həm də dünyagörmüş turistlər üçün əsl “turizm Məkkə”sidir. Bura hər il yaxın və uzaq xaricdən minlərlə turist gəlir
11 / 22
Şəhərdə olan çox saylı fontanlardan yayın qızmar istisindən xilas olmaq üçün istifadə etmək olar
12 / 22
Batumidə yalnız qızmar yay fəslində yox, həmçinin yazda və yaz ilə payızın arasında müşahidə olunan isti günlərdə də istirahət etmək mümkündür
13 / 22
Mayın ilk günlərindən artıq dənizdə çimmək və günəşin altında qaralmaq mümkündür. Burada sentyabr və oktyabr aylarında (məxməri fəsil) istirahət daha çox xoşagələndir
14 / 22
Demək olar ki, bütün liman şəhərlərinin özünəməxsus cazibəsi var: duzlu dəniz suyunun qoxusu, bulvardan müşahidə oluna bilən gəmilər, özünəməxsus memarlıq, dənizyanı bulvar boyu yerləşən çox saylı kafe və restoranlar
15 / 22
Batumini əminliklə romantika şəhəri adlandırmaq olar. Burada maraqlı vaxt keçirmək üçün hər bir şərait yaradılıb
16 / 22
Günəşin batması ilə şəhərdə həyat canlanır – turistlər dənizkənarı bulvarda gəzintiyə çıxırlar və səhərə kimi açıq olan diskotekalar işə başlayır
17 / 22
Batumi bulvarında günəşin batması əsl tamaşadır. İstirahət edənlərin çoxu da elə bu tamaşanı izləmək üçün bura yığışırlar
18 / 22
Batumi bulvarı bildiyimiz ənənəvi prospekt və ya küçələrə oxşamır. Bura əslində çimərlik və yaşayış kvartalları arasında abadlaşdırılmış bir sahədir
19 / 22
Batumidə bu günə qədər müxtəlif tarixi dövrlərə aid olan və arxitektura üslubuna görə fərqlənən binalar qalıb
20 / 22
Bulvarda həmçinin kirayəyə velosiped götürmək və xüsusi olaraq ayrılmış cığırlarda istədiyin qədər velosiped sürmək olar
21 / 22
Çimərlik istirahətindən başqa Acarıstanın yüksək dağlıq ərazilərində də əla vaxt keçirmək mümkündür
22 / 22
Maxuntseti şəlaləsi isə Acarıstanın ən məşhur yerlərindən biridir