Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 20 avqust — Sputnik. Paytaxtda inşa edilən çoxmərtəbəli binaların idarəçiliyinin MTK-dan alınaraq sakinlərin səlahiyyətinə verilməsi problem olaraq qalır. Ekspertlər məsələdən çıxış yolu kimi Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin (MMMC) qeydiyyatının asanlaşdırılmasını təklif ediblər.
İqtisadçı-ekspert Samir Əliyev bildirib ki, problemin kökündə duran əsas səbəb MMMC-lərin qeydiyyatının çətin olmasıdır. Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı deyib ki, dövlət qeydiyyatı sahəsində digər qeyri-kommersiya təşkilatlarından fərqli olaraq MMMC-lər üçün daha sadə, asan və qısamüddətli qeydiyyat prosedurları tətbiq edilməlidir.
Onun sözlərinə görə, bunun üçün "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa MMMC-lərin qeydiyyat prosedurları ilə bağlı əlavələr edilə bilər:
"MMMC-lərin yaradılması və qeydiyyatı üçün zəruri olan, müvafiq qeydiyyat orqanına təqdim edilməli sənədlərin dəqiq siyahısı işlənilməli, belə sənədlərin sayının əsassız şəkildə artırılmasına yol verilməməlidir. Düşünürəm ki, kommersiya hüquqi şəxslərinin qeydiyyatında olduğu kimi, MMMC-lərin qeydiyyatında da "Bir pəncərə" sisteminin tətbiqinə nail olunmalıdır. Bu sahədə Estoniya təcrübəsindən yararlanmaq faydalı ola bilər. Qeydiyyat prosedurlarının asanlaşdırılması üçün "MMMC-nin Nümunəvi Nizamnaməsi" hazırlanmalı və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilməlidir".
S. Əliyev bildirir ki, MMMC-lərin yaradılması və fəaliyyəti Azərbaycan üçün yeni, lakin müasir cəmiyyət quruculuğu baxımından əhəmiyyətli bir məsələdir: "Buna görə mənzil mülkiyyətçilərinin stimullaşdırılması üçün ölkənin qanunvericiliyinə həm birbaşa dövlət dəstəyini, həm də başqa əlverişli şəraitin təmin edilməsini nəzərdə tutan müddəaların daxil edilməsi zəruridir. Bunun üçün bir sıra ölkələrin qanunvericilik təcrübələrində istifadə edilən təşəbbüslərdən faydalanmaq olar. Məsələn, xüsusi himayə fondunun yaradılması ilə bağlı Litva Respublikasının təcrübəsi var.
Litva qanunvericiliyində "Çoxmərtəbəli binaların mülkiyyətçilərinin Assosiasiyası haqqında" Qanunun 32.1-ci maddəsində qeyd olunur ki, hakimiyyət orqanları milli sərvətin tərkib hissəsi olaraq mənzil fondunun qorunması məqsədilə mənzil mülkiyyətçiləri birliyinin fəaliyyətini dəstəkləməlidir. Həmin Qanunun 32.5-ci maddəsinə görə, adıçəkilən birliklərin fəaliyyətini dəstəkləmək üçün hökumət xüsusi himayə fondu yaratmalı, həmin təsisatın yaradılması qaydalarını ayrıca normativ aktla müəyyənləşdirməlidir. Litvadakı həmin fondun fəaliyyəti çərçivəsində 2005-2009-cu illərdə çoxmərtəbəli binaların modernləşdirilməsi ilə bağlı genişmiqyaslı proqram həyata keçirilib.
Yeni yaşayış binaları ilə bağlı növbəti mübahisə predmeti meydana çıxıb>>
Bu proqram çərçivəsində aparılan təmir işlərinə çəkilən xərclərin 5 faizi bilavasitə mülkiyyətçilər tərəfindən nağd formada, 50 faizi dövlət yardımı kimi, yerdə qalan hissəsi isə bank kreditləri formasında cəlb olunur. Bundan əlavə, MMMC-lərin layihələrinin maliyyələşdirilməsində qismən iştirakçılıq təcrübəsi var. Gürcüstanda, Tbilisi paytaxt meriyası fəal şəkildə mənzil mülkiyyətçiləri birliklərin maliyyələşdirilməsinə birbaşa vəsait ayırır. 2006-2007-ci illərdə çoxmənzilli binaların idarə edilməsi mexanizmləri tərəfindən çoxmərtəbəli binaların təmiri məqsədilə həmin birliklərin təqdim etdiyi 1500-dək layihə əsasında Tbilisi meriyası 10 milyon lari, yəni 6 milyon dollardan bir qədər çox vəsait xərcləyib".
Əmlak eksperti Ramil Osmanlı da MMMC-lərin qeydiyyatının asanlaşdırılması təklifini dəstəkləyir. Həmsöhbətimizin sözlərinə görə, qanunvericilik imkan verir ki, mənzil mülkiyyətçiləri özləri idarəetmə formasını seçsinlər:
"Bu gün Azərbaycanda 100-dən artıq Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) var. Əslində onların sayı çox olmalı idi. Binəqədidə bu istiqamətdə fəaliyyətə başlayanda İqtisadiyyat Nazirliyinin proqnozu ondan ibarət idi ki, 2018-ci ilə qədər MMMC-lərin sayı 1000-ə yaxın olacaq. Təəssüf olsun ki, proqnoz özünü doğrultmadı. MMMC-lərin qeydiyyata alınması ilə bağlı sonuncu rəqəm 103 idi".
R.Osmanlı bildirir ki, Ədliyyə Nazirliyinə MMMC-lərin qeydiyyatı üçün təqdim olunan sənədlərin siyahısı həddindən çoxdur: "Təəssüf ki, o sənədlərlə MMMC-lərin qeydiyyatını aparmaq olmur. Hesab edirəm ki, qeydiyyat sisteminin sadələşdirilməsinə ciddi ehtiyac var. Müraciətlərin cavablandırılması kifayət qədər vaxt aparır. Ola bilər ki, Ədliyyə Nazirliyinin fiziki baxımdan MMMC-lərin yaradılması üçün müraciətləri cavablandırmağa vaxtı çatmır. Ona görə də bu məsələ elektronlaşdırılmalıdır. Mən təklif edərdim ki, MMMC-lərin qeydiyyata alınması ASAN Xidmət vasitəsilə həyata keçirilsin. Bu, həm prosedurun sadələşdirilməsinə, həmçinin də prosesin sürətlənməsinə gətirib çıxarar. Nəticədə yeni binalarda sakinlərin də canı binaları tikib idarə edən MTK-lardan qurtarmış olar".