CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan ailələri niyə dağılır? - Beş səbəb

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7-dən 6,0-a, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 avqust — Sputnik. "Azərbaycanda boşanmalar zamanı əsas səbəb kimi xasiyyətin uyğun gəlməməsi göstərilir. Çox təəssüf ki, cütlüklər nikaha daxil olarkən öhdəliklərini dərk etmirlər".

Bu sözləri Sputnik Azərbaycan-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova ölkədə boşanmaların sayının artmasına münasibətində söyləyib.

Ya arvad, ya qəlyan: Misir boşanmaların qarşısını almaq üçün radikal addım atır
 O bildirib ki, boşanmaların sayının artması təkcə Azərbaycan üçün yox, qlobal problem sayılır. Onun sözlərinə görə, Azərbaycan ailəsi uzunömürlülüyünə görə hər zaman örnək göstərilib. Amma son illər dünyada baş verən qlobal proseslər ölkəmizə də təsirsiz ötüşmür.

A. Veysəlova bildirib ki, nikaha daxil olan gənclərdə mənəvi məsuliyyət hissi aşağı düşüb: "Ailə qurmağa hazırlaşan gənclər başa düşməlidirlər ki, sevgi hissi ilə yanaşı, qarşılıqlı hörmət etməyi də bacarmalıdırlar. Ailə qurduqdan sonra "mən" yox, "biz" anlayışı olmalıdır. Komitə səlahiyyətlisi deyir ki, boşanmalara səbəb kimi xasiyyət uyğunsuzluğundan sonra ikinci yerdə sonsuzluq, məişət zorakılığı, zərərli vərdişlərə aludəçilik göstərilir. Onun sözlərinə görə, boşanma səbəbləri arasında maddi məsələlər də yer alır. A. Veysəlova Komitənin ailə institutumuzun qorunması, təbliği istiqamətində işlər gördüyünü söyləyib.

Qeyd edək ki, ötən gün Statistika Komitəsi Azərbaycanda bu ilin müvafiq dövrü ərzində boşanmaların sayının artması barədə məlumat yayıb. Komitənin buna dair açıqladığı məlumatda bu ilin 6 ayında qeydiyyat şöbələri tərəfindən 29391 nikah və 8257 boşanma hallarının qeydə alındığı bildirilir. Xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7-dən 6,0-a, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.