CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Anlamsız ölümlərlə mübarizə üsulu: Çimərliklərə "qara bayraq" asaq

Cari ilin iyun ayı başlayandan bu günədək nəzarətsiz çimərliklərdə 30-dan artıq insan həyatını itirib
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 avqust — Sputnik. Çimərlik mövsümü başlayandan dənizdə boğulanların sayının artması narahatlıq yaradacaq həddə çatıb. Ölüm hallarının əsasən nəzarətsiz çimərliklərdə qeydə alınması isə çimməyin qadağan olunduğu yerlərlə bağlı qaydaların daha da sərtləşdirilməsini labüd edir. Artıq qonşu İranda bu məqsədlə yeni bir addım atılıb. İranın şimalında Mazandaran vilayətində 60 ərazidə qadağa işarəsi olan qara bayraq sancılıb. Bunu İranın Mazandaran vilayəti sahillərində dənizdə batma hallarına qarşı mübarizə komitəsinin sədri Nəqi Kərimian deyib. N.Kərimianın sözlərinə görə, Mazandaran vilayətində bu il Xəzər dənizinin Mazandaran sahillərində 10-dan çox şəxs boğulub. Odur ki, təhlükəli ərazilərdə insanları çimməkdən çəkindirmək üçün qara bayraq asılıb.

Əri döymüş gəlini... - Çimərlik həvəskarlarını məyus edəcək iddialar

Qeyd edək ki, Azərbaycanda da bu il çimərlikdə boğulma hallarına tez-tez rast gəlinir. Ölüm  hadisələri də məhz nəzarətsiz çimərliklərdə baş verir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aqşin Əlili Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda da nəzarətsiz çimərliklərə çimməyin qadağan olduğunu əks etdirən lövhələr vurulub. Lakin bu qadağalara məhəl qoyan yoxdur: “Hətta elə ərazilər var ki, bizim qurum öz hesabına çimməyin qadağan olduğu qeydi olan dəmir lövhələr hazırladaraq həmin çimərliklərə vurub. Amma bu qadağalara demək olar ki, məhəl qoyan yoxdur. İnsanlar çox təəssüf ki, öz həyatlarını təhlükəyə ataraq könüllü ölümə gedirlər”.

A.       Əlili bildirib ki, Xəzərin Azərbaycana düşən hissəsinin sahil xəttinin uzunluğu 955 kilometrdir: “ Təbii ki, bizim qurumun sahilboyu ərazilərə keşik çəkməyimiz və çimməyin qadağan olunduğunu əks etdirən lövhələr qoymağımız mümkün deyil. Odur ki,insanlar özləri bu məsələdə diqqətli olmalıdırlar. FHN-nin dalğıclarının olmadığı yerlərdə həyatlarını riskə ataraq çimməməlidirlər. Çox təəssüf ki, insanlar bəzən bilərəkdən həyatlarını təhlükəyə atırlar. Dənizkənarı çimərlikdə menyu ilə maraqlanırlar, amma təhlükəsizliyin təmin olunub-olunmadığını soruşmurlar”.

Nəzarətsiz çimərliklərdə ölümə səbəb nədir?

A.       Əlilinin sözlərinə görə, iyun ayı başlayandan suda boğulma təhlükəsi ilə üzləşən 211 nəfər xilas olunub. Şöbə rəisi FHN-nın xilasedicilərinin xidmət göstərdiyi ərazilərdə bu mövsüm ölüm hallarının qeydə alınmadığını söyləyib. O, bildirir ki, nəzarətsiz çimərliklərdən isə suda boğulma təhlükəsi ilə üzləşən 48  nəfər FHN-nin xilasediciləri vasitəsilə xilas olunub. Həmsöhbətimiz bildirir ki, ən çox ölüm halları nəzarətsiz çimərliklərdə baş verir. İyun ayı başalayandan bu günədək nəzarətsiz çimərliklərdə 30-dan artıq insan həyatını itirib: “Bu gün biz həmin çimərliklərə qara bayraq assaq da heç nə dəyişməyəcək. Ta ki, insanlar nəzarətsiz çimərliklərdə çimməyin həyatları üçün təhlükə olduğunu anlamayana qədər”. 

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov isə qadağan olunmuş ərazilərdə çimməyin qarşısını almağın yeganə yolunu maarifləndirmədə görür: “İnsanlar aidiyyatı qurumların xəbərdarlığına biganə yanaşırlar. Çimərliklərdə çimməyin qadağan olunduğunu əks etdirən lövhələrə bəzən insanlar məhəl qoymurlar. Düşünmürəm ki, onlar qara bayraq asdıqda bu təhlükəni dərk edələr. Əgər təhlükənin olduğunu oxuyub bundan çəkinmirsə, deməli təhlükənin olduğunu tam dərk etmir. Ona görə də, elə həmin ərazilərdə çimən insanlarla maarifləndirici söhbətlər aparılmalı, bu təhlükəni insanlara çatdıran video roliklər hazırlnmalıdır. Əks halda çimərlik mövsümündə ölüm hallarının qarşısını almaq mümkün olmayacaq”.