BAKI, 19 avqust — Sputnik. Ukrayna prokurorluğunun verdiyi məlumata görə, Krıma yanacaq daşıdığı iddia olunan "Mriya" (IMO 9109811) adlı tanker həbs edilib.
Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, tankeri həbs etmək qərarını Xerson şəhərinin apellyasiya məhkəməsi verib.
Prokurorluqda bildiriblər ki, 2015-ci ilin iyununda bu gəmi "Vilga" adı altında Rusiyanın Qara dəniz donanmasının Sevastopolda yerləşən hissələrinə yanacaq daşıyıb.
Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının (ITF) məlumatına görə, "Vilga" (IMO 9109811) tankeri Ukrayna bayrağı altında üzür. Tanker sonradan "Mriya" adlandırılıb.
Gəminin hazırda Xerson limanında Ukrayna tərəfindən müsadirə olunmuş Rusiyaya məxsus "Mexanik Poqodin" tankerinin yaxınlığında saxlanıldığı bildirilir.