CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəbli formaları ilə bağlı xəbərdarlıq - Alanda diqqətli olun

Saxta məktəbli formaları dəri ilə təmasda böyüməkdə olan uşaq orqanizmi üçün ciddi ziyandır
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 17 avqust — Sputnik. Paytaxtda məktəbli formalarının saxta variantlarının satışına başlanılıb.

Bu barədə məlumatı Sputnik Azərbaycan-a Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov verib. O bildirib ki, hər tədris ili öncəsi fəallaşan işbazlar bu il də BTE-nin istehsal etdiyi məktəbli formalarının saxta variantlarını satışa çıxarıblar: "Bir neçə ünvanda bizim istehsal etdiyimiz məktəbli formalarının saxtalarının hazırlanması faktını aşkarladıqdan sonra rəsmi şəkildə məktubla İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti, İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etdik. 

Pulsuz məktəbli forması: Nazirlik 10 min forma sifariş verdi - ÖZƏL
Hələ ki saxta məktəbli formalarının satışı kütləvi xarakter daşımasa da, belə hallar aşkarlandıqca biz aidiyyatı qurumlara məktub göndəririk ki, saxta məktəbli formalarının satışının qarşısı alınsın".

E. Əzimov deyib ki, saxta məktəbli formaları keyfiyyətinə görə kəskin fərqlənir: "Biz məktəbli formalarının istehsalı üçün parçanı Türkiyədən gətiririk. Amma saxta variantını hazırlayan sexlər formanın ucuz başa gəlməsi üçün sintetik liflərdən hazırlanmış parçalardan istifadə edirlər. Belə məktəbli formaları dəri ilə təmasda böyüməkdə olan uşaq orqanizmi üçün ciddi ziyandır. Məktəbli forması elə bir geyimdir ki, ilin on ayı şagirdin əynində olur. Sintetik liflərdən hazırlanan parçalar nə çöldən içəri, nə də içəridən çölə havanın işləməsinə imkan verir. Bu isə orqanizm üçün təhlükəlidir. Üstəlik, bu parçaların boyanmasında kimyəvi maddələrdən istifadə edilir. Ona görə də məktəbli forması bir dəfə yuyulduqdan sonra rəngi bozarır, ətək və balaq hissələri əyilir. Valideynlər bəzən bu formalarla bizim üstümüzə gəlirlər ki, sizin istehsal etdiyiniz mal zay çıxıb. Araşdırdıqda məlum olur ki, üzərində BTE-nin emblemi olsa da, məhsul bizim istehsal deyil. Ona görə də bu cür saxta formalar 20 manata təklif olunur. Valideynlər qiymətinə aldanıb alsalar da, uşaq bir-iki dəfə geyindikdən sonra yenisini almalı olurlar".

Fəridə nəhayət məktəbə gedəcək – Sputnik Azərbaycan-ın aksiyasının ilk hissəsi başa çatıb>>

Şöbə rəisi tədris ili öncəsi məktəbli formalarının saxta variantlarının iri ticarət mərkəzlərində də satıldığını söyləyib. O bildirib ki, saxta məktəbli formalarının satışının qarşısını almaq üçün Bakı Tikiş Evi bu il də məktəbli forması satışını müxtəlif ünvanlardakı öz rəsmi mağazalarında təşkil edəcək. E. Əzimovun fikrincə, bu, qiymət sahəsində özbaşınalığın qarşısının alınmasında da rol oynayır: "Bizim mağazalarda məktəbli formalarının qiyməti dəyişmir. BTE tərəfindən qoyulan qiymətlə satılır. Bu tədris ili də qiymətdə dəyişiklik etmək fikrimiz yoxdur".