BAKI, 17 avqust — Sputnik. Amerikada polis Miçiqan ştatında ticarət mərkəzində qanunsuz olaraq saxlanılan 300-dən çox kirpini, iki kenqurunu, tovuzquşunu, böyük pitonu və digər heyvanları xilas edib.
Sputnik Azərbaycan bildirir ki, xəbəri "The Detroit News" yayıb. Belə ki, Romyulus şəhərində evdə ekzotik heyvanların saxlanılması barədə polisə müraciət edilib. Bundan sonra heyvanlara nəzarət idarəsinin əməkdaşları polislərlə birgə şəhərdə binalardan birində axtarış həyata keçirib və heyvanları aşkarlayıb.
"Orada 300-dən çox kirpi, 6 dovşan, 3 böyük iquana, 2 kenquru, tovuzquşu, təxminən 5 metr uzunluğunda və 90 kiloqram ağırlığında piton var idi", - deyə şəhər polisi "Facebook" səhifəsində yazıb.
Onlar vəziyyəti "Jumanji" filmi ilə müqayisə ediblər və bildiriblər ki, bütün heyvanları onlara baxa biləcək insanlara təhvil veriblər.