İQTİSADİYYAT

Birjalar Ağ Evdən eyham gözləyirlər: qiymətlər düşə bilər

"Neftin qiymətinin yaxın zamanlarda yenidən 60 dollarlıq həddin aşağısına düşəcəyi istisna deyil" - Vüqar Bayramov
Sputnik

BAKI, 14 avqust — Sputnik. "Tramp Administrasiyasının Çinə qarşı sentyabrın 1-nə planlaşdırılan tarif artımlarını təxirə salması qlobal birjalara təsirsiz ötüşmədi. Neft daxil olmaqla strateji məhsulların qiymətlərində artımlar müşahidə edildi.

"Neft ölkələri yeni "neft şoku"na indidən hazırlaşmalıdır"
 Ağ Ev ticarət müharibəsinin yumşalacağı mesajını versə də, bunun uzunmüddətli olacağı gözlənilmir. Məhz bu səbəbdən də "Brent" markalı neftin 1 barelinin qiymətinin 60 dolları keçməsinə baxmayaraq, ciddi qiymət artımları müşahidə edilmədi".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-alim Vüqar Bayramov deyib. Asiya birjalarında canlanmanın müşahidə olunduğunu deyən iqtisadçı qeyd edib ki, hələlik investorlar qlobal iqtisadi artım tempinin azalmayacağına və ABŞ-da seçkiqabağı yeni sürprizlərin olmayacağına əmin deyillər: "Bu isə o deməkdir ki, yeni tariflərin tətbiqinin təxirə salınmasına baxmayaraq hələ də strateji məhsulların qiyməti təzyiq altındadır. Bu baxımdan da, neftin qiymətinin yaxın zamanlarda yenidən 60 dollarlıq həddin aşağısına düşəcəyi istisna deyil. Bütün hallarda birjaların Ağ Evdən gələn xəbərə reaksiyası bir daha təsdiq edir ki, ticarət müharibəsi hələ uzun müddət qlobal iqtisadiyyatın əsas mesajı olaraq qalacaq".