Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 14 avqust — Sputnik. Xəbər verdiyimiz kimi, ötən gün Qax şəhərində şəxsi "Ford Transit" avtomobili ilə Bakıya gündəlik sərnişindaşıma ilə məşğul olan mikroavtobusun sahibinin qeyri-qanuni hərəkətinə Daxili İşlər Nazirliyinin operativ reaksiyası sayəsində son qoyulub. Belə ki, sürücü 8 nəfərlik avtobusa 9 sərnişini sığışdırmaqla iki nəfərlik yerin sahibinə 1 yer təklif edib, əvəzində isə həmin sərnişindən ümumilikdə iki nəfərin ödənişini tələb edib.
Sputnik Azərbaycan-ın əməkdaşının da olduğu həmin mikroavtobusun sürücüsü barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Orxan Mansurzadəyə məlumat verildikdən sonra dərhal tədbir görülüb. Bir neçə polis maşını əraziyə yaxınlaşıb və həmin mikroavtobusu cərimə meydançasına aparıblar, onun sahibi barəsində isə qanuna müvafiq tədbirlərin görüləcəyi bildirilib.
Amma bu, Qaxda il ərzində baş verən ilk belə hadisə deyil. Ümumilikdə il ərzində Qax şəhərində 6 belə hadisə baş verib. Bu barədə isə DİN mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirib.
Ümumiyyətlə, maraqlıdır, il ərzində respublika üzrə nə qədər belə hal qeydə alınır?
Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, 2018-ci ildə ümumilikdə sərnişindaşıma qaydalarının pozulmasına görə 10 min 593 protokol imzalanıb. Bu ilin 7 ayında isə bağlanan belə protokolların sayı 6 min 696 olub.
Sərnişindaşımada qanunsuz fəaliyyətin qarşısının alınması üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən də müvafiq addımlar atılır. Qurumun mətbuat katibi N.Allahyarova sərnişinlərin təhlükəsiz daşınması üçün müxtəlif tədbirlərin görüldüyünü bildirib: "Xüsusilə də bayram günlərində Bakıdan rayonlara getmək üçün buradan onlayn sistemlə bilet almaq mümkündür. Lakin Bakıdan fərqli olaraq, rayonlardan geri dönüş üçün onlayn bilet almaq hələ ki, mümkün deyil. Buna görə sərnişinləri başa düşürük. Sərnişinlər, heç olmasa, bir gün öncədən kassalara yaxınlaşıb biletlərini əldə etsələr, heç bir problem yaranmayacaq".
"Bəzən sərnişin daşıyan avtobusun yola düşməsinə bir saat qalmış müraciətlər edilir və biletin qalmadığı məlum olur. Belə olan halda isə sərnişin qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan sürücülərə müraciət etmək məcburiyyətində qalır", - deyə N.Allahyarova əlavə edib.
Mətbuat katibi bilet limiti ilə bağlı görülən işlərdən də söz açıb: "Biz qeyri-qanuni daşımaya görə kiməsə cəza verə bilmərik. Çünki bizim belə bir səlahiyyətimiz yoxdur. Lakin bu cür halların qarşısını almaq üçün tərəfimizdən birgə tədbirlər görülür. Məsələn, bir neçə il öncə qanuni sərnişin daşıma ilə məşğul olan sürücülər Bakı Beynəlxalq Avtovağzal Kompleksində kassadan təxminən 10-dək bilet əldə edərək 5 manatlıq bileti 7-8 manata təklif edirdilər. Çünki o zaman bilet limiti yox idi və kassir də sürücünü xatırlaya bilməzdi ki, həmin şəxs öncə də bilet alıb, yoxsa yox. Beləcə, 10 bilet sürücüyə satılırdı. Nəticədə isə kassaya yaxınlaşaraq bilet tapa bilməyən sərnişin avtobus sürücüsündən 5 manatlıq bileti daha yüksək qiymətə almaq məcburiyyətində qalırdı. Bu kimi halların qarşısını almaq üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinə şərt qoyduq. Yəni artıq bir nəfər 4-dən artıq bilet əldə edə bilməz. Bununla bərabər, həmin sərnişinlərin də şəxsiyyət vəsiqəsinin təqdim olunması vacibdir. Hətta uşağa görə biletin alınması üçün şəxsiyyəti təsdiq edən vəsiqənin təqdim olunması gərəkdir. Belə sənəd olmasa, həmin şəxslərə bilet satılmır".
"Düzdür, artıq yeni üsul tətbiq olunsa da, bəzi güzəştlər var. Çünki yenidir deyə insanların vərdiş etməsi zaman alır və biz də müəyyən vaxta qədər bunu anlayışla qarşılayırıq", - deyə N.Allahyarova əlavə edib.
O bildirib ki, qeyri-qanuni sərnişin daşınması zamanı avtobuslar reys qabağı texniki müayinədən keçirilmir və bu zaman da sürücünün heç bir məsuliyyəti olmur: "Belə olan halda həmin sürücü öz avtomobilinin sahibidir və özünün ağası olur. Lakin qanuni sərnişindaşımada sürücü həm də bizim qurumumuzun qarşısında məsuliyyət daşıyır. Bu səbəbdən də qeyri-qanuni sərnişindaşımanı icra edən sürücü hətta nəqliyyat vasitəsi sərnişindaşıma tələblərinə uyğun olarsa belə, reys qabağı texniki baxışdan keçmədiyi üçün qəza baş verdikdə heç kəs həmin sərnişinə görə məsuliyyət daşımır. Yəni sığorta məsələsinə görə o sərnişinin gedə biləcəyi bir ünvan da olmur".
N.Allahyarova həmçinin qeyd edib ki, baş verə biləcək hansısa hadisə ilə əlaqədar olaraq öncədən nəzərdə tutulmayan səfər üçün sərnişin bilet tapa bilmədikdə ( 012)566 52 58 çağrı mərkəzi ilə əlaqə saxlayaraq kömək ala bilər. Ehtiyat bilet olarsa, sərnişinə yardım ediləcək və o, biletlə təmin ediləcək.
Bu kimi hallar ölkənin digər rayonları ilə yanaşı, Bakı daxilində də müşahidə olunur. Maraqlıdır, Bakıdakı durum necədir? Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ümumilikdə ötən illə müqayisədə rəqəmlərdə azalmalar var: "Təkcə ötən ayın əvvəlindən Avropa Gənclər və Olimpiya Festivalının keçirilməsinədək, yəni iyulun 15-dək "20 Yanvar" metrostansiyasından Sumqayıt və Abşeron istiqamətinə hərəkət edən 30-dək belə sürücü aşkarlanıb. Eyni müddətdə metronun "Koroğlu" stansiyasından Mərdəkan-Buzovna istiqamətində hərəkətdə olan 20 sürücü aşkarlanıb. Lökbatan qəsəbəsindən bölgələr istiqamətinə isə hərəkət edən 48 belə sürücü müəyyən edilib. Paytaxtın 3-cü mikrorayon istiqamətində 20 belə sürücü aşkarlanıb. Lakin açıq etiraf edilməlidir ki, keçirilən qabaqlayıcı tədbirlər rəqəmlərin sayının azalmasında öz təsirini göstərib".