BAKI, 14 avqust — Sputnik. ABŞ-ın nüvə reaktorlu raketə malik olduğuna dair iddialar həqiqətə uyğun deyil. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ dövlət katibinin beynəlxalq təhlükəsizlik və nüvə silahlarının yayılmaması üzrə sabiq müşaviri Tomas Kantrimen RİA Novosti-yə deyib.
Bir müddət öncə ABŞ Prezidenti Donald Tramp "Twitter"dəki paylaşımında bildirib ki, ölkəsi avqustun 8-də Rusiyada nüvə mühərrikinin sınaqdan keçirilməsi zamanı baş vermiş qəzadan nəticələr çıxaracaq. O, həmçinin iddia edib ki, ABŞ-ın daha da mükəmməl analoji texnologiyası var. Tramp, həmçinin tvitində Rusiyada baş vermiş fövqəladə hal zamanı "SSC-X-9 Skyfall" raketinin partladığını bildirib. Qeyd edək ki, NATO-da Rusiyanın nüvə reaktorlu qeyri-məhdud mənzilli qanadlı "9М730 Burevestnik" raketini "SSC-X-9 Skyfall" adlandırırlar.
Kantrimen açıqlamasında Trampın tvitini şərh edib. Onun sözlərinə görə, ABŞ prezidenti tvitində səhvə yol verib və ABŞ-ın belə bir silahı yoxdur.
"O, (Tramp – red.) nədən danışdığını bilmir. ABŞ-ın oxşar sistemi, nüvə reaktorlu qanadlı raketi yoxdur və ABŞ onun layihələndirilməsi ilə məşğul deyil", - ekspert deyib.
Keçən cümə axşamı Rusiya Müdafiə Nazirliyinin Arxangelsk vilayətində yerləşən poliqonunda sözügedən raketin mühərrikinin sınaqları zamanı partlayış və yanğın baş verib. Hadisə nəticəsində "Rosatom" korporasiyasının beş əməkdaşının öldüyü bildirilir.