İQTİSADİYYAT

Quyu quruyur. Dünya nəhəngi ümidləri puç etdi

Amerikanın bütün neft ehtiyatları bir anda hasil edilsə, bu dünyanın neftə olan bütün tələbatını yalnız iki il ödəməyə bəs edəcək
Sputnik

BAKI, 14 avqust — Sputnik. Payızın əvvəllərində ABŞ-ın sutkalıq neft hasilatı 85 min barel artacaq. Belə bir proqnozu ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) verib. Artımın böyük bir hissəsinin ölkənin ən böyük şist neft yatağı olan Perm hövzəsinin payına düşəcəyi gözlənilir. Lakin ekspertlər hesablayıblar ki, bu cür templərlə amerikalıların bütün neft yataqları artıq 10 ildən sonra tükənəcək.

Sputnik Azərbaycan xəbər verir ki, RİA Novosti mövzu ilə bağlı ətraflı yazıb.

"Neft ölkələri yeni "neft şoku"na indidən hazırlaşmalıdır"

Son damcısına qədər

"EIA" gözləyir ki, sentyabrda ABŞ-ın gündəlik neft hasilatı 8,7 milyon barelə çatacaq, Perm hövzəsi isə sutkada 75 min barel neft verəcək. Neftçilər bu göstəriciyə artıq qazılmış, lakin istifadə olunmamış quyuların hesabına nail olmaq istəyirlər. İyulda ölkənin neft yataqlarında qazma qurğularının sayının 10 faiz (1078-dən 969-a) azalması bunu deməyə əsas verir.

"Amerikanın neft operatorları qiymət "siqnallarına" kifayət qədər tez bir şəkildə reaksiya verirlər: 2018-ci ilin oktyabrından 2019-cu ilin yanvarınadək neft kotirovkalarında müşahidə olunan azalma ola bilər ki, şirkətləri daha çox qənaətcil olmağa, o cümlədən qazma qurğularının kirayəsində qənaət etməyə təşviq edib", - "Vygon Consulting" şirkətinin konsultantı Yekaterina Kolobkova RİA Novosti-yə deyib.

Qeyd edək ki, həddindən artıq çox yüklənmiş boru xətləri sistemi Perm hövzəsində şist neftinin hasilatını artırmağa mane olan əsas faktorlardan biridir. Lakin gələn il ölkənin sahillərində yerləşən terminallara neft daşıyacaq yeni magistrallar işə düşəcək. "Citi Group" şirkətinin analitikləri əmindirlər ki, bu Amerikanın neft ixracını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Digər ekspertlər isə, o cümlədən "Bank of America" bankının analitikləri hesab edirlər ki, şist neft istehsalçıları bu yeni magistrallardan tam şəkildə istifadə edə bilməyəcəklər.

Neft tükənir

Professor Fars körfəzindəki gərginliyin neftin qiymətinə təsirlərini açıqladı

"Wood Mackenzie" şirkətinin analitikləri hesab edirlər ki, uzun müddətli perspektivdə Perm hövzəsində neft hasilatı narahatlıq yaradır: orada neftlə birlikdə suyun daha da çox çıxdığı müşahidə olunur. Bu isə yatağın ehtiyatlarının tükənəcəyinin ilk əlamətidir.

"BP" şirkətinin sonuncu statistik hesabatında qeyd edilir ki, ABŞ-ın tədqiq edilmiş neft ehtiyatları son iki il ərzində 61,2 milyard barel səviyyəsində qalıb. Müqayisə üçün Rusiyanın neft ehtiyatları 106,2 milyard bareldir. İranda isə bu rəqəm 155,6 milyard barel, Səudiyyə Ərəbistanında - 297,7 milyard barel, Venesuelada - 303,3 milyard barel təşkil edir.

Amerikanın bütün neft ehtiyatları bir anda hasil edilsə, bu dünyanın neftə olan bütün tələbatını (36,5 milyard barel) yalnız iki il, ABŞ-ın öz tələbatını isə (illik 7,5 milyard barel) yalnız səkkiz il ödəməyə bəs edəcək.

Buna baxmayaraq, amerikalılar sürətlə istehsalı artırırlar. Yalnız keçən il ərzində onlar hasilatı 16,6 faiz artırıblar (müqayisə üçün Rusiyada bu rəqəm 1,6 faiz, Səudiyyə Ərəbistanında isə 3,3 faiz təşkil edib).

"Goehring & Rozencwajg" şirkətinin analitikləri bildirirlər ki, Amerikanın üç əsas yatağında neft hasilatı pik həddə, yəni sutkada 10 milyon barelə səkkiz ildən sonra çatacaq. Bundan sonra isə hasilat sürətlə aşağı düşəcək.

Böyük səhv

Lakin bütün bunların baş verməsi üçün sərmayədarların şist neftinə olan marağı kəskin şəkildə artmalıdır. Şist neft sənayesi ona görə inkişaf edir ki, bu sahəyə "Chevron" və "Exxon Mobil" kimi neft sənayesi nəhəngləri milyardlarla dollar sərmayə qoyur. Bu onlara hələ ki, yalnız itki verir, lakin sərmayədarlara söz veriblər ki, tezliklə onlar gəlir əldə edəcəklər.

Xarici şirkətlər məhkəmə qorxusundan qeyri-neft sektoruna sərmayə qoymurlar

Təəssüf ki, bu vədlər yerinə yetmir: "Reuters" xəbər verir ki, "Exxon" şirkətinin rüblük mənfəəti keçən il ilə müqayisədə 21 faiz, xalis mənfəəti isə hər səhmə görə 0,73 dollaradək düşüb (3,13 milyard dollar). 2018-ci ilin eyni dövrü ərzində neft sənayesi nəhənginin xalis mənfəəti hər səhmə görə 0,92 dollar təşkil edib (3,95 milyard dollar).

On il ərzində 40 nəhəng şist neft şirkəti bu sənayenin layihələrinə qazandıqlarından 200 milyard dollar çox yatırıblar. Sərmayədarlar isə tədricən bu sənayeni maliyyələşdirməkdən imtina edirlər – şist neft hasilatçıları keçən il 2017-ci il ilə müqayisədə iki dəfə az sərmayə ala biliblər.

"Bu sənaye son 10 il ərzində sərmayədarların etimadını tamamilə itirib", - Amerikanın "Marathon Oil" neft və qaz şirkətinin baş direktoru Li Tilman məsələ ilə bağlı deyib.

Digər bir yandan isə şist neft aktivlərindən imtina edildiyi müşahidə olunur. Belə ki, keçən ilin fevralında Avstraliyanın "BHP Billiton" şirkəti ABŞ-ın şist hövzələrinə 20 milyard dollar həcmində sərmayə qoyuluşunu "böyük səhv" adlandıraraq aktivlərini, o cümlədən Perm hövzəsindəki aktivlərini satmağa başlayıb.