Uşaqlar prezidentlə itindən məktub aldılar

Finlandiyada uşaqlar prezident və onun itindən məktub alıblar
Sputnik

BAKI, 13 avqust — Sputnik. Finlandiyanın Prezidenti Sauli Niinistyö  və onun boston-teryer cinsindən olan iti Lennu Tampere şəhərinin yaxınlığındakı İloyarvi kəndindəki uşaq bağçasının körpələrinin məktubuna cavab veriblər.

SSRİ dövründə göndərilmiş məktub ABŞ-da tapıldı

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, apreldə "Yer saatı" aksiyasına həsr olunmuş dərsdə uşaqlar prezidentə məktub yazaraq ətraf mühitin durumundan narahat olduqlarını bildirmək qərarına gəliblər. Onlar həmçinin Prezidentin iki yaşlı oğlu Aaroya salam göndərərək Lennunun çəkələkləri didişdirmədiyinə ümid etdiklərini bildiriblər.

Uşaq bağçasında məktuba cavab alacaqlarını heç gözləmirdilər, amma cavab gəldi.

"Üzr istəyirəm, cavabım gecikdi... Sizinlə razıyam: zibilləmək düzgün deyil. Finlandiya qanunvericiliyinə görə, ətraf mühitə zərər vermək yasaqdır. Qanuna riayət etməkdən əlavə, insanlar  zibilin ziyanlarını dərk etməlidirlər. İnsanlıarı təbiətin qayğısına qalmağa təhrik etmək lazımdır. Zibilin qədərini azaltmaqla biz dünyaya kömək edirik", - Prezident məktubda qeyd edib. 

Məktubun özündən çox, bağça işçilərini onun altındakı imzalar təəccübləndirib. Məktubda Niinistyönün imzası, soyadı və vəzifəsi, eləcə də Lennunun şəkli və imzası var.

Finlandiya Prezidenti Sauli Niinistyö  və xanımı Qenni Haukio boston-teryeri 2011-ci ildə alıblar. Lennu adını qoyduqları it bir sıra dövlət tədbirlərinin iştirakçısı olduğundan dünya mətbuatının da diqqətini çəkib.