Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 10 avqust — Sputnik. Qonşu ölkədə toyuq ətində ölümcül bakteriya aşkarlanıb. Məlumatlara görə, Poti və Kulevi limanları vasitəsi ilə Gürcüstana idxalı planlaşdırılan dondurulmuş toyuq ətinin tərkibində Salmonella bakteriyası tapılıb.
Sputnik Azərbaycan-ın bu barədə sorğusuna Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumatda bildirilir ki, ölkəmizə Hollandiyadan quş əti məhsulları idxal edilmir: "Ümumiyyətlə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. Agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir.
Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Gürcüstandan Azərbaycana tək-tək hallarda toyuq əti idxal edilir: "Bu gün Azərbaycana on ölkədən toyuq əti idxal edilir. Əsas idxalçılar isə Ukrayna və Rusiyadır ki, bu ölkələrdə də epizootik vəziyyət sabitdir".
A. Vəliyev həmçinin salmonella bakteriyasının təhlükəli virus olmadığını, toyuqlarda aşkarlandığını söyləyib.