CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qurban ərəfəsi: Qiymətlər həm cəlb edir, həm də itələyir

Nazirlik: "Bayram yarmarkasında qoyunların qiymətləri çəkilərinə uyğun olaraq 160, 170 və 180 manat dəyərində müəyyənləşdirilib"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. 12-13 avqust tarixlərində ölkəmizdə müsəlman dünyasının əziz bayramlarından biri olan müqəddəs Qurban bayramı qeyd ediləcək. Həzrət İbrahim əleyhissəlamın yadigarı olan Qurban bayramı İslam dünyasının ən müqəddəs və şərəfli günlərindəndir.

Bu müqəddəs gündə müsəlmanlar Allaha olan sədaqətlərini nümayiş etdirmək üçün qurban kəsirlər. İnsanların birliyinə, bir-birinə qarşılıqlı hörmət etməsinə xidmət edən bu bayram ailə dəyərlərinin möhkəmlənməsində də əhəmiyyət daşıyır.

Bakıda Qurban bayramını qeyd edənlərin nəzərinə

Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissənin fəqir və kasıb ailələrə, üçüncü hissənin isə hədiyyə kimi qohum-əqrəbalara paylanması tövsiyə olunur. İslam dininin qaydalarına əsasən kəsilən heyvanlar sağlam olmalıdır.

Sputnik Azərbaycan-ın əməkdaşı Yasamal rayonunda qurbanlıq heyvanların satıldığı bir neçə yerə baş çəkib.

Dabışdığımız satıcılardan biri deyir ki, qurbanlıq heyvanları Beyləqandan gətiriblər: "Qoyunların qiyməti onların çəkisinə uyğun müəyyən olunub. Kiloqramını 12-13 manata satırıq. Qiymətlər 160 manatdan başlayır. 200 manata olan heyvanlar da var".

Digər qurbanlıq satılan yerdə satıcı deyir ki, qoyunun kiloqramını 12 manat 50 qəpikdən satır: "Kiçik heyvanları daha aşağı qiymətə sata bilərik. Qurbanlıq heyvanı alıb aparan da var, burda kəsdirən də var. Heyvanları Beyləqandan gətirmişik".

Qurban ərəfəsi: Qiymətlər həm cəlb edir, həm də itələyir

Başqa bir qurbanlıq heyvanlar satılan yerdə qoyunun kiloqramı 14 manata satılırdı. Alıcılardan qurbanlıq heyvanları alıb aparanlar da, satış yerlərində kəsdirənlər də var idi. Bəzi alıcılar isə 14 manata satılan heyvanların qiymətinin baha olduğunu deyirdilər.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə növbəti bayram yarmarkası keçiriləcək. Sosial dəstək mahiyyəti daşıyan "Kənddən Şəhərə" yarmarkasının əsas məqsədi azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını dolğun şəkildə ödəmək, istehlakçıların seçim imkanlarını artırmaq və bayramla əlaqədar bazarlarda yaranacaq süni qiymət artımının qarşısını almaqdır.

Bayram günlərində təşkil ediləcək qurbanlıq qoyunların satış yarmarkası ölkə ərazisində 30 fərqli nöqtəni əhatə edəcək. Satış yarmarkalarından 19-u paytaxt Bakıda təşkil ediləcək. "Kənddən Şəhərə" satış yarmarkasına 20000-ə yaxın qurbanlıq qoyun çıxarılması planlaşdırılır. Qoyunların qiymətləri çəkilərinə uyğun olaraq 160, 170 və 180 manat dəyərində müəyyənləşdirilib.

Qurban ərəfəsi: Qiymətlər həm cəlb edir, həm də itələyir

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bayram günlərində qurbanlıq heyvan satışı və kəsimi ilə məşğul olan şəxslərə müraciət edib. Agentlik bayram günlərində qurbanlıq heyvan satışı və kəsimi ilə məşğul olan şəxslərə şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan satışı və kəsimini, baytarlıq-sanitariya və gigiyena normalara cavab verən mövcud stasionar heyvan kəsimi məntəqələrində və Qurban bayramı ilə bağlı yerli İcra Hakimiyyətləri tərəfindən təşkil olunmuş müvəqqəti kəsim düşərgələrində həyata keçirməyi tövsiyə edir. AQTA bəyan edib ki, bayram günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün Respublika üzrə 44 stasionar və 30 çadır tipli kəsim məntəqəsi fəaliyyət göstərəcək.

Baytarlıq üzrə baş müfəttiş Qalib Əbdüləliyev jurnalistlərə açıqlamasında deyib ki, respublika üzrə 30 çadır tipli, 44 stasionar məntəqəyə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən güzəştli qiymət təyin olunan heyvanlar gətiriləcək. Respublikanın istənilən yerindən vətəndaşlar öz heyvanlarını gətirərək bu cür məntəqələrdə sata biləcəklər.

Tarif Şurasının təyinatına görə, iribuynuzlu heyvanların baytarlıq baxışı 5, xırdabuynuzlu heyvanların baytarlıq baxışı isə 4 manatdır. Ancaq bayram günlərində bu xidmət pulsuz olacaq.