BAKI, 7 avqust — Sputnik. Rusiya Müdafiə Nazirliyi "Oxotnik" (Ovçu) adlı ən yeni dronunun birinci uçuşunun videogörüntlərini yayıb.
Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, bir dəqiqədən artıq davam edən videogörüntülərdə bort nömrəsi 071 olan uçan aparatın uçuş zolağından səmaya qalxdığını, manevrlər etdiyini və yerə qayıdaraq oturduğunu görmək olar.
Kadrlarda həmçinin görmək olar ki, "Oxotnik" birinci uçuşunu şassini yığmadan həyata keçirib.
"Oxotnik" Rusiya ordusunda zərbə funksiyaları olan ilk ağır dron olacaq. Dron "uçan qanad" sxeminə əsasən layihələndirilib. Onun istehsalında xüsusi materiallardan və örtüklərdən istifadə olunub ki, bu da təyyarəni radiolokasiya vasitələri üçün demək olar ki, görünməz edir.
Bundan başqa, dron optik-elektron, radiotexnik və digər növ kəşfiyyat aparatları ilə təchiz olunub.
Qeyd edək ki, "Oxotnik" dronunda "AL-31" seriyasından olan turboreaktiv mühərrik quraşdırılıb. Bu mühərriklərlə əsasən "Su-27" döyüş təyyarələri təchiz olunur.
Uçan aparatın qanadlarında silahların taxılması üçün asqılar yoxdur. Bu o deməkdir ki, silahlar (raketlər, bombalar və s.) təyyarənin füzelyajının içində yerləşir.
Rusiya Müdafiə Nazirliyi deyib ki, "Oxotnik" təyyarəsinin birinci uçuşu 20 dəqiqədən çox çəkib.