Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 7 avqust — Sputnik. İki gün ərzində Bakı və Abşeron yarımadasında müşahidə olunan sürətli külək paytaxtda tikilərin dam örtüyünün küləkli havaya davamsız olduğunu sübut etdi. Əksər ərazilərdə küləkli hava yaşayış binalarının dam örtüyünü qopararaq insanların həyatı üçün təhlükə yaratdı. Bəzi ünvanlarda küləyin təsirindən qopan dam örtükləri insanların başına düşdü. Bu hadisədən xəsarət alanlar da az olmadı. Bir sözlə, küləkli hava şəraiti Bakıda, Abşeronda, eləcə də Sumqayıtda binaların dam örtüyünün təbiət hadisələrinə davamsız olduğunu üzə çıxardı. Bakının küləklər şəhəri olduğunu nəzərə alsaq, küləyin sürətinin ara-sıra artacağı gözləniləndir. Bəs o zaman baş verəcək təhlükədən necə sığortalanaq?
Bakı Şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İsrafil Kərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, külək əsasən ağaclar üçün təhlükə yaradıb. Amma bəzi ərazilərdə tikililərin dam örtüyünün qopub düşməsi də müşahidə olunub. İ. Kərimov bildirib ki, dam örtüyü qopan əsasən köhnə binalardır. Onların isə hamısı mənzil təsərrüfatı departamentlərinin balansında deyil: "Köhnə binaların bir qismi mənzil təsərrüfatı departamentlərinin balansındadır. Həmin qurumlar binaların dam örtüyünə nəzarət edir. Bəzi köhnə binalar isə müxtəlif qurumların balansındadır. Həmin binaların dam örtüyünün yenilənməsinə Mənzil Təsərrüfatı Departamenti cavabdeh deyil. O qurumların özləri həmin binaların dam örtüyünü yeniləməli, yaxud da təmir etməlidirlər".
Əməkdar memar Feyzulla Quliyev deyir ki, əgər qopan dam örtükləri yenidirsə, deməli təmiri aparan şirkət işini keyfiyyətli və tikinti qaydalarına uyğun görməyib: "Bina inşa edilərkən onun zələləyə davamlılığı ilə yanaşı, küləyə dözümlülüyü də nəzərə alınmalıdır. Bütün bunlar binanın konstruksiyasında öz əksini tapmalıdır. Binaların küləyə dözümlülüyü 35 metr saniyəyədək sürətli küləyə hesablanır. Əgər hansısa binanın damı küləyin sürəti saniyədə 30 metrə çatmamış qopursa, bu konstruksiya tələblərinin pozulduğundan xəbər verir. Binanın memarı və konstruktoru buna nəzarət etməli, bina tikilib başa çatandan sonra küləyə davamlılığını yoxlamalıdır".
F. Quliyev deyir ki, köhnə binaların dam örtüyünün istismar müddətinə də nəzarət vacibdir: "Binaların istismar müddəti olur. Əgər binanın dam örtüyü köhnəlibsə, deməli buna nəzarət edən qurum vaxtında dam örtüyünü yeniləməlidir ki, külək əsən kimi şifer camaatın başına düşməsin".
Fövqəladə Hallar Nazirliyindən (FHN) isə bildirdilər ki, paytaxtın Səbail rayonunda yerləşən Azərbaycan Dövlət Musiqili Teatrının binasının damında dəmir şiferin qopması nəticəsində bina sakinləri üçün təhlükəli vəziyyət yaranıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə dəmir şiferi kəsib kənarlaşdıraraq vətəndaşların təhlükəsizliyini təmin ediblər. Həmçinin, Nəsimi rayonu ərazisində çoxmənzilli yaşayış binasının damında külək nəticəsində alkaponun bir hissəsinin qoparaq asılı vəziyyətdə qalması bina sakinlərinin həyatı üçün təhlükə yaradıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri 7 mərtəbəli yaşayış binasının damına çıxaraq alkaponu kəsib kənarlaşdıraraq təhlükəsizliyi təmin ediblər.
Güclü külək Sumqayıtda fəsadlar törədib. Şəhərin 3-cü mikrorayon ərazisində yerləşən 12 mərtəbəli binanın fasadının bəzi hissələrini və dam örtüyünü külək uçurub.