RUSİYA

ABŞ səfiri Moskvanı niyə tərk edir? Ekspert danışdı

Səfirin vəzifəsindən getmək səbəbləri artıq spekulyasiya mövzusuna çevrilib
Sputnik

BAKI, 7 avqust — Sputnik. Bir müddət öncə verilən məlumata görə, ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman istefa verib. Sputnik Azərbaycan "The Salt Lake Tribune" qəzetinə istinadən xəbər verir ki, səfir istefa ərizəsini artıq Prezident Donald Trampa göndərib.

Məlumata görə, diplomat vəzifəsindən oktyabrın 3-də gedəcək. Qəzetin saytında Hantsmanın istefa məktubunun bir nüsxəsi yerləşdirilib. Məktubunda siyasətçi qeyd edib ki, ailəsi ilə əlaqələri bərpa etmək üçün xanımı ilə Amerikaya qayıtmaq niyyətindədir.

Rusiyanın Ermənistandakı sabiq səfiri Lavrova müavin gedir

Hantsman məktubunda, həmçinin göstərilmiş etimada və Moskvada səfir vəzifəsini tutmaq imkanına görə Trampa təşəkkürünü bildirib.

O, 2017-ci ildə ABŞ-ın Moskvadakı diplomatik missiyasına başçılıq etməyə başlayıb.

Qeyd edək ki, səfirin vəzifəsindən getmək səbəbləri artıq spekulyasiya mövzusuna çevrilib. Belə ki, "Atlantic" nəşrinin mənbələrə istinadən verdiyi xəbərə görə, diplomat Yuta ştatının qubernatoru seçkilərində iştirak etməyə hazırlaşır. O, 2004-2009-cu illərdə bu ştata başçılıq edib.

Radio Sputnik-ə danışan amerikaşünas alim, politoloq Dmitri Drobnitski səfirin istefası səbəbləri ilə bağlı öz fikirlərini paylaşıb: "Hesab edirəm ki, burada söhbət hər hansı bir təcili istefadan getmir. Çox güman ki, bu planlaşdırılmış şəkildə baş verib".

Drobnitskinin fikrincə, Vaşinqtonun Moskvadakı təmsilçisini dəyişməsinin iki səbəbi var.

"Birinci səbəbi çox yaxşı bilirik: Con Hantsman əvvəllər Atlantik Şura beyin mərkəzində əsas şəxs olub. Bu təşkilat isə Rusiya Federasiyası ərazisində arzuolunmaz təşkilat kimi tanına bilər (Baş Prokurorluq Amerikanın bu qeyri-hökumət təşkilatının fəaliyyətinin Rusiya ərazisində arzuolunmaz olduğunu tanıyıb və qərarı Ədliyyə Nazirliyinə göndərilib – red.)", - o deyib.

Drobnitski deyib ki, ikinci səbəb də var: "Hantsmanın təyinatı özlüyündə Rusiya diplomatiyası ilə müəyyən bir körpü qurmaq üçün edilmiş bir aralıq təyinat kimi qəbul edilirdi.

Səfirlik Ermənistanla hərbi əməkdaşlığa dair xəbərləri təkzib edib
 Hantsman qismən bu işin öhdəsindən gələ bilib. Lakin bəllidir ki, Tramp daha çoxunu istəyir. Bu aydın faktdır".

"Təbii ki, bu vəzifəni başqa kimsə tutmalıdır. Bu elə bir adam olmalıdır ki, avroatlantizm ideologiyasını təmsil etməsin. Hantsman öz nazirliyinə və vəzifəsinə loyal olsa da, onu avroatlantizm siyasətindən döndərmək mümkün deyil. Bu gün başqa adamlara ehtiyac var – başqa zəmanə yaxınlaşır", - Drobnitski deyib.

Lakin onun fikrincə, digər ABŞ səfirləri ilə müqayisədə Hantsman öz vəzifələrini olduqca ləyaqətlə yerinə yetirib.

Bildirək ki, artıq ABŞ-ın Rusiyadakı səfirliyi Con Hantsmanın vəzifəsini oktyabrın 3-də tərk edəcəyini təsdiqləyib.