CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Ordu Oyunları-2019" - tankçılarımız balkan hərbçilərə "dərs keçdilər"

Azərbaycanlı tankçı Umar Ömərovun ustalığını hətta rəqibləri təqdir etdilər
Sputnik

Ruben Qarsiya, Sputnik

BAKI, 6 avqust — Sputnik. Səhər çağı Moskva yaxınlığındakı Alabino poliqonunda "Beynəlxalq Ordu Oyunları-2019"un, demək olar ki, ən baxımlı yarışı olan "Tank biatlonu"na yüzlərlə tamaşaçı gəlmişdi.

Yağışlı hava adamları qorxutmadı: hər halda zirehli maşınların möhtəşəm yarışını hər gün görmürsən.

Azərbaycan tankları V "Beynəlxalq Ordu Oyunları-2019"da

Yarışın başlamasını gözləyənlər hərbi texnika nümunələrini - özüyeriyən haubitsaları, yırtıcı görkəmli döyüş tanklarını və yüngül, manevrqabiliyyətli zirehli maşınları - gözdən keçirirdilər.

Startı bildirən siqnal səslənən kimi isə növbəti yarım saat həm tamaşaçılar, həm də iştirakçılar üçün bir dəqiqəyədək daraldı - yarış həddən artıq dinamik alındı.

Öncə Çin, Belarus, Azərbaycan və Serbiya kvarteti çıxış edirdi. Yarışı Ordu Oyunlarının Rusiya və Belarusla yanaşı ənənəvi iştirakçıları sayılan çinlilər başladılar.

Çinin Tip-98 tankı atəş həddinədək ilk məsafəni təəccüblü dərəcədə tez bir zamanda qət elədi,bundan sonra heyət saniyələr ərzində mərmiləri doldurdu və bütün nişanları uğurla vurdu. Hətta tribunalardakı çinli azarkeşlərin sevinci də sanki onlarla dəfə məşq edilmiş kimi göründü.

Elə bu anda Belarus komandasının tankı irəli şığıdı: belaruslar çinlilərə uduzmaq niyyətində deyildilər. 

Bu komandanın  təcrübəsi çoxdur, biatlona onlar hər vintini əzbər tanıdıqları şəxsi maşınlarında gəlmişdilər, odur ki, baş leytenant Maksim Luzanın rəhbərliyi altında heyət şərti rəqibin üç taxta "tank"ını məhv edərək birinci tapşırığın öhdəsindən əla gəldi.

Zakir Həsənov və Sergey Şoyqu Moskvada bir arada - VİDEO

Azərbaycanla Serbiya iştirakçıları da atışlarda rəqiblərindən geri qalmadılar.

Ümumiyyətlə götürəndə, komandaların atəş dəqiqliyi keçən illə müqayisədə dəfələrlə artıb. 2018-ci il "Tank biatlonu"nda bir-iki düşmən tankı və qismət olsa, bir düşmən "vertolyot"unu vurmaq yaxşı nəticə sayılırdı. Bu dəfə isə nişançı operatorlar snayper nəticələri ilə tribunaları riqqətə gətirdilər. Hər dövrədə "tanklar", "vertolyotlar" və "qumbaraatanlar" elə tez-tez məhv edilirdi ki, aparıcı atəş xəttində nələrin baş verdiyi barədə tamaşaçıları məlumatlandırmağı çatdırmırdı.

Ötən dəfəki yarışda dəqiqlikləri ilə seçilməyən serblər əvvəlki səhvlərini, şübhəsiz, nəzərə almışdılar. Serbiyanın T-72-si, demək olar ki, vertolyot hədəfindən savayı, başqa heç yerdə səhv etmədi və Azərbaycanın ardınca maneə zolağına doğru ikinci dövrəyə şütüdü. 

Bax elə burada qaynar qanlı qafqazlılar balkan hərbçilərə "dərs keçdilər".  Azərbaycan komandasının tankı təpəyə qalxıb keçidə düşərək azarkeşlərinin qələbə sevincli bağırtıları altında yamacdan birbaşa finişə doğru drift elədi. Serb hərbçilərin də haqqını vermək lazımdır - onlar rəqiblərini haqlamağa qərar verdilər və bir müddət maneə zolağında hər iki komandanın tankları yan-yana getdi.

Ancaq su maneəsindən sonra serblərin tankı "qəfil" rastına çıxan çökəkdə bir dəqiqəlik ilişdi. Tankını oradan problemsiz çıxarsa da, komanda dəyərli vaxtı hədər verdi.

Sürücü-mexanik Umar Ömərovun ustalığı ilə hətta rəqiblərini heyrətə gətirən Azərbaycan komandası 22 dəqiqə 44 saniyə nəticə ilə üçüncü yeri tutdu. Belarusdan komandamızı cəmi yarım dəqiqə ayırdı. 

Təcrübə, nizamlı hərəkət və operativ atışlar belaruslara bütün üç dairəni maksimal dərəcədə tez keçməyə imkan verdi. Düzdür, məhdudlaşdırıcı dirəyi vurub salsalar da, cərimə dəqiqəsi qazansalar da, onların tankı yenə də sanki uçurdu. 

Bakıda “Dəniz kuboku-2019”un təntənəli açılış mərasimi keçirilib - VİDEO

Bu yarışda qələbə isə çinlilərin oldu. Sürət və döyüşə hazırlıq səviyyəsi onlara cəmi 19 dəqiqə ərzində bütün üç dövrəni səhvsiz keçməyə kömək etdi.

Bu il "Tank biatlonu" avqustun 3-dən 17-dək davam edəcək. 2019-cu ildə bu yarışda 25 ölkə iştirakını təsdiqləyib. Bu il ilk dəfə olaraq qadınlardan ibarət heyətlər də yarışacaq. İlk dəfə bu yarışlar 2013-cü ildə, Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun təşəbbüsü ilə keçirilib.

"Beynəlxalq Ordu Oyunları-2019" avqustun 3-dən 17-dək 10 ölkənin  - Azərbaycan, Ermənistan, Belarus, İran, Hindistan, Qazaxıstan, Çin, Monqolustan, Rusiya və Özbəkistanın ərazisində keçirilir. 

Azərbaycan hərbçiləri ölkəmizdə “Dəniz kuboku”, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları”, Belarusda “Snayper həddi” və Özbəkistanda təşkil olunan “Hərbi-tibbi estafet” müsabiqələrinə qatılıblar.