CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni yaşayış binaları sakinlərinə müjdə

MTK-lar çox hallarda vətəndaşlara yalnış informasiya verirlər və buna görə 3000-5000 manat arasında cərimə oluna bilərlər
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 avqust— Sputnik. Paytaxtda bəzi çoxmənzilli binalarda xidmət haqqının yeni üsulla ödənilməsinə başlanılıb. Mənzilin sahəsinə görə xidmət haqqının onlayn ödənilməsi üsulu artıq Bakıdakı göydələnlərin bir hissəsində tətbiq edilir. Qeyd edək ki, yeni yaşayış binalarının idarə edilməsində müzakirələrə səbəb olan məsələlərdən bir də xidmət haqlarının yığılmasıdır.

Baş nazirdən qalmaqallı bina ilə bağlı mühüm - QƏRAR

Hazırda yeni yaşayış binalarının çoxunda xidmət haqları nağd yığılır. Sakinlər bu pulu MTK-ların işçiləri olan  komendantlara ödəyirlər. Bu isə mənzillərin başqasına satılması zamanı bir sıra mübahisələrə gətirib çıxardır. MTK-ların çoxu xidmət haqqına görə sakinlərə qəbz vermədiyindən mənzilin başqasına satışı zamanı borc üzə çıxır. Bu zaman isə xidmət haqqını ödədiyini nə sakin sübut edə bilir, nə də ki, MTK boynuna alır. Nəticədə yaşayış binalarının sakinləri ilə komendantlar arasında münaqişə yaranır. Ekspertlər yeni yaşayış binalarında xidmət haqlarının nağdsız ödənilməsinin mütərəqqi üsul olduğunu söyləyirlər.

Mənzil məsələləri üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qanunvericiliklə sahə mülkiyyətçilərinin mənzil idarəçiliyini özləri müəyyən etmək hüququ var.  MTK-lar binanı tikib təhvil verdikdən bir ay sonra onu sakinlərin istifadəsinə verməlidirlər. Bəzən sakinlər gözləyirlər ki, MTK “şələ-şüləsini” yığıb gedəndən sonra binanın idarəçiliyi onlara verilsin. Yəni sakinlər elə başa düşürlər ki, onların çıxarışları olmasa, mənzil idarəçiliyini idarə edə bilməzlər. Mənzil Məcəlləsində konkret müddəa var ki, sahə mülkiyyətçisi MTK-dan aldığı mənzilin dəyərini tam ödəyibsə, o, mülkiyyətçi sayılır. Baxmayaraq ki, onun hüquqları Dövlət Reyesterində tanınmayıb. Sakinin əlində maliyyə arayışı varsa, faktiki onlar mülkiyyətçi hesab olunur”.

Bina tikənlərin qarşısında yeni tələb qoyuldu - Onlar buna sevinməyəcəklər>>

R. Osmanlının sözlərinə görə, çoxmənzilli binalarda ümumi sahənin 50+1-nin iştirakçıları yığışıb Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaratmaq hüququna malikdir: “Belə qurumun yaranması Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. Ədliyyə Nazirliyi Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini qeydiyyata alır. Sadəcə vətəndaşlar bu məsələdən o qədər də məlumatlı deyillər. MTK-lar çox hallarda vətəndaşlara yanlış informasiya verirlər ki, sizin çıxarışınız yoxdur, idarə edə bilməzsiniz. Qeyd edim ki, İnzibati Xətalar Məcəlləsində MTK-nın özünün, MTK rəhbərliyinin, ərazi üzrə bələdiyyənin və idarəetmə ilə bağlı digər qurumların sakinlərin binanı idarəetməsinə mane olmasına görə hüquqi və fikizi şəxslərə cərimələr nəzərdə tutulur. Bu cərimələrin də məbləği kifayət qədər yüksəkdir. MTK rəhbərləri üçün bu cərimə 3000-5000 manat arasında dəyişir. Sahə mülkiyyətçiləri bu qurumu yaratdıqdan sonra hər bir sahə mülkiyyətçisi ilə ayrılıqda  kommunal xidmətə dair müqavilə bağlamalıdırlar. Həmin müqavilə bağlandıqdan sonra onun ödəmə formasını rahat şəkildə müəyyən etmək mümkündür. Bu, bank yolu ilə də ola bilər, kassa çeki formasında da ola bilər”.

Bakının köhnə binalarının hər yay yenilənən dərdinə 20 manatlıq çarə

Ekspert deyir ki, yeni yaşayış binalarında kommunal haqların onlayn yığımı sakinlərin rahatlığı ilə yanaşı, şəffaflığı da təmin edir. Belə ki, sakin elektron qaydada xidmət haqqını rahat şəkildə ödəyə bilir: “Bunun üçün binanın komendantına yaxınlaşıb vaxt itirmir. Bəzi vaxtlarda MTK-lar sakinlərə ödəmə qəbzi vermirlər. Bunu onunla əsaslandırırlar ki, onsuz da siz bu binada yaşayırsız, kommunal haqları ödəyirsiz. Amma bu, sözdə belədir. Bir də görürsən ki, sakin mənzilini satarkən vətəndaşdan ödəmədiyi müddətə görə əlavə pul tələb edir, müqavilənin dəyişdirilməsindən imtina edir. Bu kimi əlavə problemlərin ortaya çıxmaması üçün çoxmənzilli yeni binalarda nağdsız ödəməyə keçid müsbət haldır. Düşünürəm ki, yeni yaşayış binalarında xidmət haqqının onlayn ödənilməsi təcrübəsi yayılmalıdır”.