Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 5 avqust — Sputnik. Son günlər sosial şəbəkələrdə Dövlət Proqramı çərçivəsində xarici universitetlərdə təhsil alan gənclərin dövlət qulluğuna müsabiqəsiz qəbul olunacağı barədə məlumat yayılıb. Xəbərdə bildirilir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla qüvvəyə minən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanunda əksini tapıb.
Sputnik Azərbaycan məsələni dəqiqləşdirmək məqsədilə aidiyyatı qurumlarla əlaqə saxlayıb.
Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu məsələ qanunvericilikdə bir müddətdir ki, öz əksini tapıb. Onun sözlərinə görə, "Dövlət qulluğu haqqında" qanunun 28-ci maddəsinə əsasən, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər müsabiqə və ya müsahibədən kənar dövlət qulluğuna qəbul edilə bilərlər: "Bu qanunun 28-ci maddəsinin 28.13 bəndində qeyd edilib ki, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslərin dövlət qulluğuna qəbulu ilə bağlı bu Qanunun 28.1-ci maddəsi tətbiq edilmir. Həmin şəxs vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək, tələb olunan sənədləri təqdim etməlidir. Sənədlər təqdim edildikdən sonra həmin şəxs 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur. Dövlət orqanının rəhbəri həmin şəxsi stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Həmin şəxsin stajçı kimi qulluğu, habelə onun sınaq müddəti ərzində qulluq keçməsi və daimi dövlət qulluğuna qəbul edilməsi ilə bağlı məsələlər bu Qanunun 28.7-ci maddəsi ilə tənzimlənir. Qanunun 28.1 bəndində isə qeyd edilib ki, dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir".
Azərbaycandan kənarda təhsil almaq istəyənlərə xəbərdarlıq edildi>>
Deputat Məlahət İbrahımqızı da Sputnik Azərbaycan-a bildirib ki, xaricdə təhsillə bağlı dövlət proqramına start verən vaxt xaricdə təhsil almağa gedənlərin dövlət qulluğuna qəbulunu nəzərdə tutan bu dəyişikliklər ölkə başçısının sərəncamı ilə qüvvəyə minib: "Hazırda da xaricdə Dövlət Proqramı ilə təhsil alan gənclər ölkəmizə qayıtdıqdan sonra dövlət qulluğuna müsabiqəsiz qəbul olunurlar. Onlar xaricdə təhsillərini başa vurduqdan sonra Azərbaycanda dövlət qulluğunda öz ixtisaslarına uyğun yerə müsabiqədən keçmədən qəbul olunurlar. Təbii ki, bu, cənab Prezident tərəfindən Dövlət Proqramı ilə xaricdə təhsil alanlara verilən yüksək dəyərdən xəbər verirdi. Hətta o vaxt belə bir söhbət vardı ki, xaricdə təhsil alan gənclərin bir hissəsi ölkəmizə qayıtmaya da bilər. Ona görə də bəzi qurumlar gəncləri xaricdə təhsil almağa göndərəndə girov tələb edirdi. Şərt belə idi ki, o gənclər xaricdə təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdıb beş il müddətində burada işləməli idilər.