Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 5 avqust — Sputnik. Artıq beş ildən çoxdur ki, beş yaşlı uşaqların məktəbə hazırlığı ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında aparılır. Övladının məktəbəhazırlıq qruplarında hazırlıq keçməsini istəyən valideynlər bunun üçün elektron qeydiyyat prosesindən keçirlər. Valideynlərin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, qeydiyyatdan keçmək üçün sistemin avqust ayının birindən aktiv olacağı bildirilsə də, hələ də məktəbəhazırlıq qruplarına elektron qeydiyyat aparmaq mümkün deyil. Səbəb isə məktəbəhazırlıq qrupları üçün elektron qeydiyyat sistemin açılmamasıdır. Valideynlər bildiriblər ki, bununla bağlı təhsil müəssisələrindən onlara gözləməyi məsləhət görüblər.
Sputnik Azərbaycan məsələni araşdırmaq məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ilə əlaqə saxlayıb. İdarədən valideynlərin narahatlığına heç bir əsas olmadığı bildirilib. Beş yaşlı uşaqların məktəbə hazırlığı üçün təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinin avqust ayının 1-dən başlanılacağı barədə rəsmi məlumat verilməyib. İdarədən həmçinin bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi barədə ictimaiyyətə məlumat veriləcək.
Məktəbə getmək ümidi ilə: Uşaqlar həyatdan zövq almalıdırlar>>
Məlumatda bildirilir ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir. Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, informasiya texnologiyalarından istifadə vərdişlərinin artırılması baxımından olduqca əhəmiyyətlidir. Məktəbəhazırlıq qrupları üçün tələb olunan sənədlərə uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda, doğum haqqında şəhadətnaməsi), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U), 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və məktəb direktorunun adına ərizə (qəbulu elektron sistem vasitəsilə həyata keçirilən rayon və şəhərlərdə valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış "Şəxsi Kabinet"indən çap olunmuş "Ərizə" daxildir.
Azərbaycanda vətəndaşlığı olmayanlardan isə əlavə olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda) tələb olunur.
Məktəbəhazırlıq qruplarında gün ərzində 3 məşğələ, həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Qruplarda "Ətraf aləmlə tanışlıq", "Savad təliminə hazırlıq və nitq inkişafı", "Bədii təfəkkürün inkişafı", "Məntiqi və riyazi təfəkkürün inkişafı", "Təsviri fəaliyyət", "Musiqi", "Fiziki mədəniyyət" məşğələləri keçirilir.
Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər 1 oktyabr-31 may dövrünü əhatə edir.
Onu da qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Xatırladaq ki, Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşlıların 24 faizini əhatə etdiyi halda, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində 65, 2018-2019-cu dərs ilində 75 faiz həddində 5 yaşlı uşağın məktəbəhazırlıq qruplarındakı məşğələlərə cəlb olunması üçün imkan yaradılıb. 2019-2020-ci tədris ilində isə bu göstəricinin 90 faizə çatdırılması nəzərdə tutulur.