CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Budəfəki dövlət əmlakının hərracı çox maraqlı olacaq

Avtomobil sahibi olmaq istəyən şəxslərin budəfəki hərracda geniş seçim imkanları var
Sputnik

BAKI, 5 avqust — Sputnik. Sentyabrın ilk hərracında 55 dövlət əmlakı özəlləşdirməyə çıxarılır.

Bu barədə Sputnik Azərbaycan-a Əmlak Məsələləri Dövlət Komitəsi məlumat verib. Xəbərdə bildirilir ki, keçirilən özəlləşdirmə hərracları müxtəlif iqtisadi sahələrə investisiyaların yatırılması, o cümlədən özəl sektorun inkişafı baxımından əhəmiyyətlidir.

Hərrac xidmətlərində elektron imkanların təminatı ilə sərmayəçilər heç bir çətinlik olmadan dövlət əmlaklarının özəlləşdirilməsinə qoşula bilirlər. Seçim və sifarişlərin elektron formada verilməsi, o cümlədən istənilən yerdən hərracda onlayn iştirak potensial investorların rahatlığına yönəlib. 

Tanınmış alimin şəxsi əşyaları hərraca çıxarılıb

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri sentyabr ayının 3-də keçiriləcək. Ayın ilk hərracına 55 dövlət əmlakı çıxarılıb. Onlar arasında səhmdar cəmiyyətlərinin dövlətə məxsus səhm paketləri, eləcə də nəqliyyat vasitələri var. Elan edilən bu hərraca çıxarılan səhmdar cəmiyyətləri Yevlax, İsmayıllı, Goranboy kimi şəhər və rayonlarda yerləşir. Sərmayəçilər "Biləsuvar Broyler", "Ağdaş Quşçuluq", "Zərdab Aqrotexservis" kimi dövlət müəssisələrinin 30% ilə 45% arasında olan səhm paketlərinin özəlləşməsinə qoşula bilərlər.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərindən biri Qax şəhəri, Ü.Hacıbəyov küçəsindəki "Qax Taxıl" adlı dövlət müəssisəsidir. Taxıl məhsullarının tədarükü, emalı və satışı üzrə fəaliyyət göstərən müəssisənin torpaq sahəsi 84.9 min kv.m, tikili sahəsi isə 22.6 min kv.m-dir. Səhmdar cəmiyyətinin ərazisində idarə binası, yeməkxana, qarğıdalı quruducu sexlər, çörək sexi, un dəyirmanı, müxtəlif təyinatlı anbarlar və digər tikililər var.

Avtomobil sahibi olmaq istəyən şəxslərin budəfəki hərracda geniş seçim imkanları var. Belə ki, buraxılış tarixi 2006-2008 olan nəqliyyat vasitələri "VAZ", "QAZ" və "Hyundai" markalarına aiddir.

Özəlləşməyə çıxarılan dövlət əmlakları üzrə hərracda iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Qeyd edək ki, keçirilən hərraclara sifarişçilərlə yanaşı, digər şəxslər də həm onlayn, həm də məkana gəlməklə qoşula bilər. Bunun üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron hərrac xidmətinə (https://e-emdk.gov.az/eHerrac) daxil olmaq kifayətdir.