Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 2 avqust — Sputnik. Bu gün C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Xalq artisti, görkəmli kinorejissor, Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycan kino tarixində ilk rəngli bədii filmin müəllifi Hüseyn Seyidzadənin vaxtilə çalışdığı yaradıcılıq otağının açılışı olub. Sputnik Azərbaycan xəbər verir ki, açılış mərasimində Azərbaycan kinosunun tanınmış simaları iştirak ediblər. İlk olaraq çıxış üçün söz alan Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə kinorejissorun yaradıcılığına nəzər saldı:"Hüseyn müəllim deyərdi: "Mənim bəxtim onda gətirib ki, Moskvada Kinematoqrafiya İnstitutunda oxuyarkən çox böyük sənətkarlardan - görkəmli kino ustaları Mixail Romm, Lev Kuleşov və Sergey Eyzenşteyndən dərs almışam. Qriqori Aleksandrov, Mixail Romm, Vsevolod Pudovkin kimi tanınmış kinorejissorların filmlərində rejissor assistenti və ikinci rejissor işləmişəm, onlardan çox şey öyrənmişəm. Ona görə də mənim pis film çəkməyə haqqım yoxdur".
Aydın Kazımzadə tanınmış kinorejissor, operator Əlisəttar Atakişiyevin, aktyor Əliağa Ağayevin vaxtilə ona danışdığı xatirələri, film çəkilişləri barədə maraqlı məqamları tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Daha sonra çıxış edən "Azərbaycanfilm" kinostudiyasının rəhbəri Müşfiq Hətəmov ilk olaraq bütün kino ictimaiyyətini Milli Kino Günü münasibətilə təbrik etdi. Hüseyn Seyidzadənin yaradıcılığından söz açan direktor onun vaxtı ilə fəaliyyət göstərdiyi otağın açılışının məhz bu günə təsadüf etdiyinin əbəs yerə olmadığını vurğuladı. Azərbaycan kinosunda öz dəsti-xətti olan ölməz sənətkarın çəkdiyi filmlərdə milli kaloritin daim hiss olunduğunu, bu gün də həmin filmlərin sevilərək baxıldığını söylədi.
Azərbaycan kinorejissoru və kinoşünası, əməkdar incəsənət xadimi Ayaz Salayev yaradıcılıq otağının açılışında iştirak etdiyi üçün özünü xoşbəxt hiss etdiyini, kinostudiya üçün bu cür tədbirlərin vacib olduğunu dedi.
Qeyd edək ki, tədbirdə kinorejissor Oqtay Mirqasımov, Xalq artisti Şəfiqə Məmmədova, Ənvər Həsənov, Azərbaycanın əməkdar mədəniyyət işçisi Yusif Şeyxov və başqaları iştirak edirdilər.