SƏHİYYƏ

Agentlik qarayara ilə bağlı məlumat yaydı

Araşdırma qrupu tərəfindən xəstəlik törədicisinin mənbəyinin müəyyən olunması məqsədilə epidemioloji və epizootoloji araşdırmalara başlanılıb
Sputnik

BAKI, 1 avqust — Sputnik. 25 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sabirabad rayon Gigiyena və Epidemiologiya Mərkəzindən qarayara xəstəliyi ilə bağlı məlumat daxil olub. Agentlikdən Sputnik Azərbayan-a verilən məlumata görə, müraciət rayonun İ.İsgəndərov küç. 64. ünvanında yaşayan 1961-ci il təvəllüdlü Heydərov Malik Alış oğlu və həmin küçədə bina 3. ev 23. ünvanında yaşayan 1950-ci il təvəllüdlü Qəfərov Tofiq Heybət oğlundan olub.

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının infeksiya şöbəsində hospitalizasiya olunması və qarayara xəstəliyinə yoluxma şübhəsi əsasında hər iki şəxsdən müayinə materialları götürülərək İmişli Rayon Taun Əleyhinə Stansiyasına göndərilməsi və nəticələri ilə bağlı əlavə məlumat verilməsi haqqında agentliyə məktub daxil olub.

Ölkəyə təhlükəli xəstəlik qayıdıb – Hər birimiz diqqətli olmağa məcburuq

Məlumat daxil olduqdan dərhal sonra agentliyin mütəxəssislərindən ibarət araşdırma qrupu yaradılıb və hadisənin baş verdiyi əraziyə ezam olunub. Araşdırma qrupu tərəfindən xəstəlik törədicisinin mənbəyinin müəyyən olunması məqsədilə epidemioloji və epizootoloji araşdırmalara başlanılıb. Bu məqsədlə daxil olan informasiyalar təhlil olunaraq, anamnez məlumatlar toplanmış, xəstəliyə yoluxması ehtimal olunan şəxslərin şəxsi təsərrüfat sahələrində, heyvanların saxlanıldığı ərazidə kliniki müayinələr həyata keçirilib, şəxsi təsərrüfatlarda olan heyvanların peyvəndləmə işləri təhlil olunub və heyvanların xəstəliyə yoluxma ehtimalı öz təsdiqini tapmayıb. Agentlik əməkdaşları tərəfindən hadisənin baş verməsi ehtimal olunan mümkün səbəblər üzrə araşdırmaların əhatə dairəsi genişləndirilib və yoluxma ehtimalı olunan şəxsin qardaşına məxsus heyvan kəsimi məntəqəsinə baxış keçirilib. Kəsim məntəqəsindən müvafiq nümunələr götürülərək aidiyyəti üzrə laboratoriyalara təqdim edilib. Aparılan araşdırmaların hazırki mərhələsinə qədər həmin şəxslərin təmasda olduğu heyvanlarda və heyvandarlıq təsərrüfatında xəstəlik faktı aşkar olunmayıb. Hazırda Agentliyin mütəxəssisləri tərəfindən laborator müayinələr və epidemioloji araşdırmalar, ehtimal olunan xəstəliyin törədicisinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Araşdırmaların nəticələri məlum olduqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək.