BAKI, 31 iyul — Sputnik. "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununu keçirib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İrlandiyanın "Dandolk" komandasını qəbul edib. "Dalğa Arena"da keçirilən qarşılaşma Azərbaycan çempionunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüş "Qarabağ"ın hücumları ilə başlayıb. 12-ci dəqiqədə Xayme Romero Ağdam təmsilçisini hesabda önə keçirib. 76-cı dəqiqədə isə digər legioner oyunçu Ailton Silva fərqlənib. 87-ci dəqiqə isə Xayme Romero özünün ikinci qoluna imza atıb.
İrlandiyadakı ilk matçda rəqibi ilə heç-heçə (1:1) edən "Qarabağ" Çempionlar Liqasında III təsnifat mərhələsinə yüksəlib. Komanda bu raundda Kiprin APOEL kollektivi ilə üz-üzə gələcək.