Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 30 iyul — Sputnik. Bir çox Avropa ölkələrində olduğu kimi artıq Azərbaycanda da yol kənarlarında dövlət yol polisinə məxsus maket avtomobillərə rast gəlmək mümkün olacaq. Bu cür maketlərin quraşdırılmasında məqsəd isə yol-nəqliyyat hadisələrinin, qayda-qanun pozuntularının qarşısını almaqdır.
Maraqlıdır, onların sayı nə qədərdir və hansı ərazilərdə quraşdırılacaq? Suallarımızı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı cavablandırıb. O Sputnik Azərbaycan-a açıqlamasında hazırda görülən işlərdən danışıb: "Hazır olan bu cür 6 maket ilkin olaraq Bakı-Şamaxı, Bakı-Ələt, Bakı-Astara, Bakı-Qazax və Gürcüstan sərhədində qoyulacaq. Artıq bu maketlər bir neçə yerdə quraşdırılıb və onların uzaqdan daha inandırıcı görünməsi üçün konfiqurasiya işləri aparılır".
E.Muradlının sözlərinə görə, bu maketlərin yerinin dəyişdirilməsi daha çox effekt verə bilər: "Düşünürəm ki, heç olmasa həftədə bir dəfə bu maketlərin yerinin dəyişdirilməsi daha məqsədəuyğun olar".
Bəs maraqlıdır, digər ölkələrdən sınaqdan keçən bu üsul Azərbaycanda necə, fayda verəcəkmi?
Yol-nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında bu və buna bənzər psixoloji amil mahiyyəti daşıyan üsulların effektindən söz açıb: "Belə bir müəyyən psixoloji amil var ki, sürücü yol patrul xidmətinə məxsus avtomobili gördükdə istər-istəməz sürəti azaldır. Hətta avtomobilin sürəti normal olarsa belə, bu zaman sürücü nisbətən də olsa sürəti azaldır. Elə buna bənzər bir nümunəni də misal çəkmək olar. Hələ SSRİ dövründə aparılan araşdırmalar göstərmişdi ki, sarı rəngli avtomobillər digərləri ilə müqayisədə daha az qəza törədir. Faiz nisbəti ilə götürdükdə də, bəlli olmuşdu ki, sarı rəngli avtomobillər digərləri ilə müqayisədə daha az qəza törədir. Bu araşdırmadan sonra belə bir sual yaranmışdı ki, niyə məhz sarı rəngli avtomobillərin qəzalarda faiz və rəqəmləri aşağıdır. Bunun səbəbi isə SSRİ dövründə dövlət yol polisi avtomobillərinin sarı rəngdə olması ilə izah olunurdu. Yəni hətta dövlət yol polisi əməkdaşına məxsus olmayan hansısa sarı rəngdə bir avtomobilin qarşıdan gəldiyini görən sürücü sürət həddini azaldırdı".
"Artıq bu cür maketlərdən dünyanın bir sıra ölkələrində də geniş istifadə olunur. Nəinki bu cür avtomobillərin, hətta yola nəzarət edən müxtəlif vasitələrin də maketləri hazırlanıb. Belə olan halda nisbətən uzaq məsafədə olan sürücü artıq sürəti nəzarətə alır", - deyə həmsöhbətimiz əlavə edib.
A.Allahverənov deyir ki, bu gün dünyanın bir çox ölkələrində, eləcə də Rusiyada da bu cür təcrübələrdən istifadə olunur.
O, maketlərinin yerinin dəyişdirilməsinin verə biləcəyi töhfədən də söz açıb: "Maketlərin yerinin müəyyən vaxtdan bir dəyişdirilməsi isə sürücüləri daha da ayıq-sayıq olmağa vadar edəcək. Ola bilər ki, bu gün maket qoyulan yerdə sabah elə dövlət yol polisinin əməkdaşlarına məxsus avtomobil olsun. Ona görə də sürücüləri qanun çərçivəsində hərəkət etməyə, təhlükəli manevrlər etməməyə səsləyirəm".
Ölkəmizdə yenicə tətbiqinə başlanılan bu üsulun effektini isə baş verən qəzaların dinamikasına nəzər yetirdikdə görmək mümkün olacaq. Həmsöhbətimiz belə deyir: "Düşünürəm ki, bu cür maketləri daha çox qəzaların qeydə alındığı yerlərə qoymaq lazımdır. Primitiv tədbir kimi bu addımı alqışlayıram. Dünyanın inkişaf etmiş ölkələrində bu praktikaya görə müsbət nəticələr əldə olunub. Düşünürəm ki, Azərbaycanda da bu üsulun effektini görmək mümkün olacaq".
A.Allahverənovun sözlərinə görə, həmin avtomobillərin üzərində sayrışan işıqlar olarsa, bu amil inandırıcılıq baxımından daha çox effektiv olar.
O təklif edir ki, ümumilikdə isə yollarda baş verə biləcək arzuolunmaz halların qarşısını almaq üçün maariflənmə işlərinin aparılması çox önəmlidir: "Müxtəlif yolların özünəməxsusluğuna görə şəraitlər də fərqlidir. Avtomagistral yollarda bir idarəetmə üsulu, digər yollarda isə fərqli idarəetmə üsulu var. Bizim bəzi avtomagistral yollarda sürət həddi kifayət qədər yüksəkdir. Bu sahədə aparılan tədqiqatlara nəzər yetirsək, görərik ki, hər saatda 5-10 kilometr artıq olan sürət həddində qəza riskinin dərəcəsi də kəskin şəkildə artır. Bundan başqa bəzən hətta məhəllələrarası yollarda da yüksək sürətdən istifadə edildiyini müşahidə edirik. Düşünürəm ki, effektiv tədbirlər üçün foto və video cihazlarının sayı artırılmalı, bundan başqa müxtəlif yerlər, inzibati binalar, təhsil mərkəzlərinin qarşısında yol hərəkətinin təhlükəsizliyinin təmin olunması üçün xüsusi yanaşma olmalıdır".
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev mediaya açıqlamasında, biz maketlərin quraşdırılacağı yerlərin dəqiq ünvanını açıqlaya bilməyəcəyini bildirib. O bunun səbəbini nəzərdə tutulan addımın əhəmiyyətini itirə biləcəyi ilə izah edib.