CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tikinti sektorunda ləngiməyə səbəb nədir? - Ekspert açıqlayır

Mütəxəssislərin fikrincə, tikinti sektorunda olan ləngimə mənzil bazarında qiymətlərə də təsirsiz ötüşməyəcək
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 29 iyul — Sputnik. 2016-cı ildə Nazirlər Kabinetinin məlum 86 saylı qərarından sonra paytaxtın 9 rayonu ərazisində əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə istismar müddəti bitmiş, qəzalı vəziyyətdə olan binalar sökülərək yerində yeni binaların tikintisinə başlandı. Bu baxımdan 2017-2018-ci illərdə Bakı şəhəri tikinti bumu yaşadı.

Azərbaycanda daşınmaz əmlakı kim və necə idarə edə bilər

Bir müddət əvvəl isə tikinti qaydaları və normalarına dəyişikliklər edildi. Artıq tikinti sektoruna nəzərə salanda bir ləngimə, durğunluq müşahidə edilir.

Ekspertlər bu vəziyyəti edilən dəyişikliklərlə əlaqələndirirlər.

Əmlak eksperti Ramil Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şərtlər bir qədər çətinləşib.

"Keçən il tikintiyə icazəni icra hakimiyyəti verirdisə, indi artıq Arxitektura və Şəhərsalma Komitəsi bu prosesə bilavasitə nəzarət edir. Komitənin rəyi olmadan icazənin verilməsi mümkün deyil. Komitə qanunvericiliyə dəyişikliklərlə bağlı təşəbbüs etdi və bu qaydalar dəyişdi. Məsələn, əvvəl hər-hansı bir tikinti şirkəti sadəcə binanın yerləşdiyi tikintialtı sahəni alıb, ora üçün sərəncam ala bilirdi. İndi artıq binanın yerləşəcəyi tikintialtı sahə də kifayət etmir. İndi həyətyanı sahə də nəzərə alınmalıdır. Qaydalara görə, indi həyətyanı sahə binanın alt tikinti sahəsindən 3 dəfə böyük olmalıdır", - deyə Osmanlı qeyd edib.

Onun sözlərinə görə, belə dəyişikliklər, yeni qaydaların, yeni qanunvericilik aktlarının ortaya çıxması təbii tikinti prosesinə müəyyən şəkildə mane olur. Yəni artıq tikintinin xərcləri artır:

"Bəzi şirkətlər prosesdə müəyyən müddət gözləməyə üstünlük verirlər. Amma yəqin ki, gözləmək heç nəyi dəyişməyəcək. Ola bilsin ki, tikinti tempini artırmaq üçün qaydalara dəyişikliklər olunsun. Amma mən düşünmürəm ki, əvvəlki qaydaların tətbiqinə qayıdılsın. Tətbiq edilən qaydalarda müəyyən yumşaldılmalar ola bilər".

Ekspert vurğulayıb ki, pilot layihələrin icrası ilə bağlı da xeyli dəyişiklik edilib.

Tikinti bazarında qiymətlər artacaq? - Ekspert şərh edir

"Pilot layihələrin özündə də ləngimələr var. Bu da Arxitektura və Şəhərsalma Komitəsinin tətbiq etdiyi yeni qaydalar və eyni zamanda qanunvericiliyə edilən yeni dəyişikliklərlə bağlıdır", - o, əlavə edib.

Mütəxəssislərin fikrincə, tikinti sektorunda olan ləngimə mənzil bazarında qiymətlərə də təsirsiz ötüşməyəcək.

Çünki qaydaların sərtləşdirilməsi şirkətlər üçün sıxıntı yaradacaq və yeni çoxmənzilli binaların tikilməsi sahibkarlara ucuz başa gəlməyəcək. Bu da mənzil bazarında qiymətlərin bahalaşmasına səbəb ola bilər.