BAKI, 27 iyul — Sputnik. Fransanın ABŞ və digər ölkələrə məxsus bir neçə nəhəng şirkətə əlavə verginin tətbiq edilməsi ilə bağlı parlamentdə təsdiqlədiyi qanun layihəsi Ağ Ev rəhbərinin qəzəbinə səbəb olub.
Sputnik Azərbaycan-ın xarici mətbuata istinadla xəbərinə görə, artıq Fransa Prezidenti Emmanuel Makron atdığı bu addıma görə ABŞ Prezidenti Donald Tramp tərəfindən hədəf alınıb.
Qeyd edək ki, Fransa parlamenti bu ayın 11-də “Google”, “Apple”, “Facebook”, “Amazon” kimi böyük şirkətlərin ölkədə böyük gəlir əldə etməsinə görə onlara yüksək vergi tətbiq olunması ilə bağlı qanunu təsdiqləyib. Bu qanun layihəsinə görə, adı açıqlanan şirkətlər Fransada əldə etdiyi gəlirlərə görə 3 faiz dərəcəsi ilə vergi ödəməli olacaqlar.
Bu isə o deməkdir ki, yeni qanun layihəsi ümumilikdə vergi dövriyyəsi 750 milyon avro və Fransadakı fəaliyyəti ilə bağlı dövriyyəsi 25 milyon avro olan şirkətlərə şamil ediləcək.
“Google”, “Amazon”, “Facebook”, “Apple”, “Instagram”la yanaşı ümumilikdə 30 belə şirkətə şamil olunacaq yeni qanun layihəsi ilə bu il ərzində Fransaya 400 milyon avro, növbəti il isə 650 milyon avro gəlirin gələcəyi proqnozlaşdırılır.