"Jara-2019" beynəlxalq musiqi festivalı çərçivəsində ikinci konsert proqramı baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, konsert ənənəvi olaraq ulduzların "Qırmızı xalı" üzərindən keçməsi ilə başlayıb.
Müğənnilər foto və videokamera obyektivləri qarşısına çıxıb və jurnalistlərə müsahibə veriblər. Festivalın təşkilatçıları Qriqori Lepsin və Stas Mixaylovun yaradıcılıq gecələrini birləşdirərək özünəməxsus yaradıcılıq "savaşı" yaratmaq qərarına gəliblər. Nəticədə isə musiqi qələbə çalıb.
Tamaşaçılar, həmçinin Azərbaycan və Rusiyanın xalq artistləri Aygün Kazımova və Filipp Kirkorovun səbirsizliklə gözlənilən duetini izləmək şansını əldə ediblər. Onlar hərarətli "Calma" mahnısını ifa ediblər.
Konsert "Lube" qrupunun 30 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi ilə başa çatıb. Yaradıcılıq gecəsində Stas Mixaylov, Viktoriya Dayneko, eyni zamanda "İvanuşki International", "Fabrika", "Qorod 312" qrupları iştirak ediblər.
Festivalın iyulun 28-də baş tutacaq bağlanışında Cah Xalib, Lyoşa Svik, Tima Belorusski və "Black Star" leyblının artistləri çıxış edəcəklər.
"Jara" layihəsinin təşkilatçıları məşhur müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, "Russkoye Radio" radiostansiyasının və "Zolotoy Qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.
Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, ABŞ və digər ölkələrdən populyar estrada ulduzları çıxış edirlər.