Rusiya və Ukrayna arasında tanker insidentinin təfərrüatları

Sputnik

BAKI, 26 iyul — Sputnik. Dünən xəbər verdiyimiz kimi, Ukrayna Təhlükəsizlik Xidməti Rusiyaya məxsus "Neyma" adlı tankeri Odessa əyalətində yerləşən İzmail limanında saxlayıb. Rəsmi Kiyev iddia edir ki, gəmi 2018-ci ilin noyabrında Kerç boğazında sərhədi pozmuş Ukrayna gəmilərinin dövrəyə alınmasında iştirak edib. Sonradan Rusiyanın Ukraynadakı səfirliyi gəminin ekipaj üzvlərinin azadlığa buraxıldığını bildirib.

Ukraynada seçkilərin yekun nəticələri, Poroşenko üçüncü belə olmadı

Sputnik Azərbaycan xəbər verir ki, RİA Novosti hadisənin təfərrüatlarına dair yazıb:

"Ukrayna Təhlükəsizlik Xidmətinin hadisə ilə bağlı verdiyi açıqlamada bildirilir ki, tankerin İzmail limanında saxlanılması rusiyalı sərhəd gözətçilərinin keçən ilin payızında "Ukrayna hərbi gəmilərini Kerç boğazında" dövrəyə almasına cavab olaraq atılmış bir addımdır."

Güc strukturunun yaydığı press-relizdə deyilir: "İyulun 24-də  … Rusiya bayrağı altında üzən "Nika Spirit" tankeri İzmail limanına daxil olub … (gəmi – red.) "Neyma" adı altında indentifikasiya edilib. ... Saxlanılmış tankerdə Ukrayna məhkəməsinin icazəsinə müvafiq olaraq istintaq hərəkətləri, yəni hadisə faktlarının müəyyən edilməsi məqsədilə axtarışlar, gəmidən sənədlərin, radio rabitəsi ilə aparılmış danışıqlara dair qeydlərin və bort jurnallarının müsadirəsi başa çatıb."

Heyət üzvlərinin sorğu-sual edildiyi də bildirilib.

Rəsmi Kiyevin versiyasına görə, 2018-ci ilin noyabrında rusiyalı sərhəd gözətçiləri Ukrayna hərbi gəmilərinin Kerç-Yeniqala kanalından keçidi zamanı "Neyma" tankerindən istifadə edərək onların yolunu bağılayıblar. İddia olunub ki, məhz bu gəmi "Ukrayna hərbi gəmilərinin 24 ekipaj üzvü ilə birlikdə Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən zorakı yolla saxlanılmasına və ələ keçirilməsinə kömək edib."

Tankerin Kerç insidentində rolu

Politoloq: "Biz Ukraynada sabit siyasi sistemin şahidi olacağıq"

Moskva və Kiyev Kerç insidentini fərqli şəkildə şərh edirlər. Ukrayna Hərbi Dəniz Qüvvələrinin "Berdyansk" və "Nikopol" kiçik artilleriya katerləri, eləcə də "Yanı Kapu" yedək gəmisi 2018-ci ilin noyabrında Odessadan çıxaraq, Mariupol istiqamətində yola düşüb. Gəmilərin göyərtəsində ekipaj üzvləri ilə yanaşı, Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları da olub.

Noyabrın 24-də Ukrayna gəmilərinin dövlət sərhədinə yaxınlaşması zamanı Rusiyaya məxsus gözətçi gəminin kapitanı ukraynalı dənizçilərə xəbərdarlıq edərək, onların Kerç-Yeniqala kanalından keçidi üçün müraciət göndərməli olduqlarını bildirib. Lakin gəmilər hərəkətə davam ediblər.

Noyabrın 25-i səhər saatlarında "Berdyansk", "Nikopol" və "Yanı Kapu" Rusiyanın ərazi sularına daxil olub. Sərhədçilər onlardan radiorabitə vasitəsilə Rusiya ərazi sularından çıxmağı tələb ediblər. Lakin Ukrayna katerlərinin ekipajları gəmilərin artilleriya qurğularının üzərindəki örtüyü çıxararaq, topları Rusiya gəmiləri tərəfə tuşlayıblar.

Ukrayna və Rusiya danışıqlara başlayıb

Rusiya sərhədçiləri buna cavab olaraq Ukrayna gəmilərinin qarşısını kəsiblər, sonra isə katerləri və yedək gəmisini saxlayıblar.

Medianın verdiyi məlumata görə, sözügedən hadisələr zamanı "Neyma" tankeri Krım körpüsünün altında imiş.

Ukraynalı dənizçilər sonradan sahilə gətirilib və həbs ediliblər. Onlar Rusiya sərhədini mütəşəkkil qrup şəklində qanunsuz olaraq keçməkdə günahlandırılırlar.

İnsidentdən sonra Ukraynanın o vaxtkı prezidenti Petro Poroşenko ölkənin bir sıra regionlarında hərbi vəziyyət elan edib.

Ukrayna tərəfi təkidlə bildirir ki, saxlanılmış dənizçilər sərhəd pozucuları yox, hərbi əsirlərdir. Rəsmi Kiyev hətta bununla bağlı olaraq BMT-nin Dəniz Hüququ üzrə Beynəlxalq Tribunalına şikayət ərizəsi göndərib. Mayda məhkəmə Rusiyadan hərbçiləri və gəmiləri azadlığa buraxmağı tələb edib. Moskva isə cavabında Kerç insidentinin araşdırılmasının Tribunalın səlahiyyətində olmadığını bildirib.