İDMAN

"Qarabağ" səfərdə İrlandiya klubu ilə heç-heçə etdi

Bu komandalar arasında cavab görüşü iyulun 31-də "Dalğa Arena"da keçiriləcək
Sputnik

BAKI, 25 iyul - Sputnik. "Qarabağ" komandası UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununu keçirib.

"Report"un məlumatına görə, rəqib İrlandiya çempionu "Dandolk" olub. Eyniadlı şəhərin “Oriel Park” stadionunda təşkil olunmuş qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Hər iki qol künc zərbəsindən sonra vurulub. 4-cü dəqiqədə Mahir Emreli, 78-ci dəqiqədə isə Patrik Hoban fərqlənib.

Matçın böyük hissəsi "Qarabağ"ın üstünlüyü şəraitində keçsə də, əlverişli imkanlardan fərqlənmək mümkün olmayıb. İkinci hissənin əvvəllərində isə Ağdam təmsilçisi itki ilə üzləşib. Müdafiəçi Maksim Medvedev zədələnərək, yerini komanda yoldaşı Abbas Hüseynova verib. Bu, baş məşqçi Qurban Qurbanovun ilk əvəzləməsi olub. Növbəti əvəzetmə isə 87-ci dəqiqədə gerçəkləşib - Xayme Romeronu Araz Abdullayev əvəzləyib.

Bu komandalar arasında cavab görüşü iyulun 31-də "Dalğa Arena"da keçiriləcək.

"Qarabağ" I təsnifat mərhələsində "Partizani" ilə Albaniyada qolsuz heç-heçə etmiş, Bakıdakı cavab görüşündə isə qələbə qazanmağı bacarmışdı - 2:0. "Dandolk" isə Latviya "Riqa"sını penaltilər seriyasında üstələməyi bacarmışdı.