Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 24 iyul — Sputnik. Bazar ertəsi axşam saatlarından Qırğızıstan – Tacikistan sərhədində silahın tətbiqi ilə münaqişə baş verib. Qırğızıstan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, Voruh kəndinin (Tacikistan Respublikası) sakinləri yaşayış məntəqəsinin girişində bayraq dirəyi quraşdırmaq istəyiblər. Buna isə Ak-Say (Qırğızıstan Respublikası) kəndinin sakinləri etiraz ediblər. Söz mübahisəsindən sonra tərəflərdən biri silah tətbiq edib. Qırğızıstan Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, atəşi mülki şəxslər aça bilərlər. Çünki atəş ov tüfəngindən açılıb. İlkin olaraq insident nəticəsində 5 nəfərin yaralandığı bildirilsə də, sonradan onların sayı 14-ə çatıb.
Ötən gün isə Qırğızıstan Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, Tacikistan tərəfindən atəş açılıb. Nəticədə Qırğızıstan sərhədçisi yaralanıb. Qurum bölgədə vəziyyətin nisbətən sabit olduğunu bildirib.
Bu gün də sərhəddə gərginlik olub. Belə ki, yerli saatla 06:00-da Ak-Say kəndinin sakinləri İsfara –Vorux yoluna çınqıl tökməklə bu şosesini bağlamaq istəyib. Milis əməkdaşları onlardan qanunu pozmamağı tələb ediblər. Lakin kənd sakinləri bundan sonra onlara daş atmağa başlayıblar. Nəticədə dörd milis əməkdaşı xəsarət alıb. Bundan sonra işıq-səs qumbaraları tətbiq olunub.
Hər iki ölkənin sərhədində vəziyyət gərgin olaraq qalmaqdadır. Ona görə nələrin baş verəcəyini proqnozlaşdırmaq olduqca çətindir. Yeri gəlmişkən, bu həftəsonuna qədər Tacikistan və Qırğızıstan prezidentləri İsfarada görüşəcək və sərhədin demarkasiya və delimitasiyası məsələlərini müzakirə edəcək.
Sputnik Azərbaycan məsələ ilə bağlı Asiya-Sakit Okean Araşdırmalar Mərkəzinin direktoru, professor Səlçuk Çolakoğlu ilə həmsöhbət olub.
Səlçuk Çolakoğlu qeyd edib ki, problemin əsl səbəbi Fərqanə vadisində son dərəcə məntiqsiz olaraq formalaşdırılan ölkələrin sərhədindədir: "SSRİ zamanı Qırğızıstan, Özbəkistan və Tacikistan arasında bölüşüdürülən Fərqanə vadisi bu ölkələr müstəqillik qazandıqdan sonra əsl problemə çevrilib. Nəticədə Qırğızıstanın ərazisində Özbəkistan və Tacikistana məxsus anklavlar var. Bundan əlavə, bu üç ölkənin sərhədləri o qədər girintili-çıxıntılıdır ki, sovet dönəmindən qalan yol və dəmiryolu kimi nəqliyyat infrastrukturundan tək bir ölkənin digər ölkənin sərhədini keçmədən istifadə etməsi mümkün belə deyil. Ölkələr arasında bu qəribə sərhədlər 1991-ci ildə müstəqillik əldə etdikdən sonra bu üç ölkə arasında gərginlik yaratmağa başladı. Bəzən, hətta qısa müddətli qarşıdurmalar belə yaşandı. Ən qanlı qarşıdurma isə 2010-cu ildə Özbəkistan və Qırğızıstandan olan mülki şəxslər və təhlükəsizlik qüvvələri arasında baş verib və nəticədə yüzlərlə şəxs həlak olub".
Professor qeyd edib ki, bu qarşıdurmanın daha əvvəl planlaşdırılmasına və ya başqa bir ölkə tərəfindən qızışdırıldığına dair bir məlumat, sübut yoxdur: "Ancaq belə mübahisəli sərhəddə hər an bu cür qarşıdurmaların baş vermə ehtimalı normal qarşılanmalıdır".
Mərkəzin direktoru vurğulayıb ki, mövcud problemin həlli üçün iki yol var. Bu baxımdan, Bişkek, Daşkənd və Düşənbə bu iki yoldan birini seçməlidir: "İlk olaraq, Qırğızıstan, Özbəkistan və Tacikistan Avropa İttifaqı Şengen bölgəsində olduğu kimi sərhəd keçid məntəqələrini tamamilə ortadan qaldıra, üç ölkənin vətəndaşlarına bu ərazidə sərbəst şəkildə hərəkətetmə haqqı verə bilər. Bununla da, kimin harada yaşamasının bir önəmi qalmaz və toplumlar, hətta hökumətlər arasında siyasi gərginlik də öz-özünə aradan qalxar.
İkinci yol isə bu üç ölkənin öz aralarında ərazi mübadiləsini həyata keçirməsidir. Lakin ölkələr arasında ərazilərin dəyişdirilməsi düşünüldüyü kimi asan, həll oluna bilən məsələ deyil. Sərhəd problemləri millətçilərin əlində alətə çevrilərsə, ərazi mübadiləsi çətinləşə bilər".