"Tanker müharibəsi": London ABŞ və NATO-dan gözlədiyini ala bilmədi

Britaniyanın hərəkəti küçə davasında "pay"ını alaraq böyük qardaşının yanına qaçan sataşqan uşağın davranışını xatırladır
Sputnik

BAKI, 23 iyul — Sputnik. Xəbər verdiyimiz kimi, iyulun 19-u İran hərbçiləri Fars körfəzində Böyük Britaniyaya məxsus "Stena Impero" adlı neft tankerini saxlayıb. Tankerin beynəlxalq qaydaları pozduğuna görə saxlanıldığı və sahilə qədər müşayiət olunduğu bildirilib. Tehranın bu addımından bir müddət öncə isə London İrana məxsus "Grace 1" tankerini Cəbəlüttariq sahillərində saxlamışdı. Səbəb kimi tankerin sanksiyaları pozaraq Suriyaya neft daşıdığı göstərilib.

İran ətrafında çəmbər daralır - yeni beynəlxalq koalisiya yaradılır

Lakin Britaniya bu "tanker müharibəsi"ndə iki ən əsas müttəfiqi olan ABŞ və NATO-dan gözlədiyi dəstəyi ala bilməyib. Sputnik Azərbaycan xəbər verir ki, RİA Novosti-nin şərhçisi İrina Alksnis belə bir qənaətə gəlib.

Hər şey o gün başladı...

Xatırladaq ki, iyulun 4-ü İranın "Grace 1" adlı neft tankeri Böyük Britaniyanın nəzarətində olan Cəbəlüttariq sahillərində saxlanılıb. Tankerin Avropa İttifaqı sanksiyalarını pozaraq Suriyaya neft daşıdığı bildirilib. İnsidentlə bağlı verilmiş məhkəmə qərarına əsasən ekipajın bir neçə üzvü, o cümlədən gəminin kapitanı və onun baş köməkçisi avqustun 15-dək həbsdə saxlanılacaq.

Tehranın bundan sonra hansı addımı atacağı aydın idi: Hörmüz boğazının şimal sahilləri İrana məxsusdur və hamıya aydın idi ki, Britaniya gəmiləri bu sularda gec-tez problemlərlə üzləşəcək.

AEBA da təsdiqlədi: İran həddi keçib
 Belə ki, Cəbəlüttariq insidentindən iki həftə sonra, yəni iyulun 19-u İranın İslam İnqilabı Keşikçiləri Korpusu "Stena Impero" adlı tankeri saxlayıb. Tehran iddia edir ki, 23 ekipaj üzvü olan gəmi beynəlxalq dəniz hüququn bir neçə bəndini pozub.

Dumanlı Albionun cavabı

Londonun insidentlə bağlı reaksiyası özünü çox gözlətməyib. Ölkə rəhbərliyi BMT Təhlükəsizlik Şurasına müraciət göndərərək tankerin saxlanılmasını "qanunsuz müdaxilə" adlandırıb. London iddia edir ki, insident Omanın ərazi sularında baş verib. Burada maraqlı fakt odur ki, saxlanılmış gəmi əslində İsveçin "Stena Bulk" şirkətinə məxsusdur və o, sadəcə olaraq Britaniya bayrağı altında üzürdü.

Bəzi mənbələrin verdiyi məlumata görə, London, həmçinin İrana qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır: bura diplomatik və iqtisadi tədbirlər, o cümlədən aktivlərin dondurulması daxildir. Bundan başqa Londonun Aİ və BMT-dən 2016-cı ildə ləğv olunmuş sanksiyaları bərpa etmələrini tələb edəcəyi gözlənilir.

Britaniya Xarici işlər naziri Ceremi Hant isə Londonun cavabının "düşünülmüş və sərt" olacağını bildirib.

Körfəzdəki vəziyyət Azərbaycan-İran münasibətlərinə necə təsir göstərəcək?

Böyük qardaşın vecinə deyil

Lakin verilən məlumatlara əsasən, Hant bu bəyanatından əvvəl məsələni ABŞ Dövlət katibi Mayk Pompeo ilə müzakirə edib. Britaniyanın bu hərəkəti küçə davasında "pay"ını alaraq böyük qardaşının yanına qaçan sataşqan uşağın davranışını xatırladır. Lakin görünür Londonun yeni problemləri böyük qardaşın elə də vecinə deyil. Belə ki, həm Vaşinqtonun, həm də NATO-nun insidentlə bağlı reaksiyası bir qədər sönük olub. Məsələn, Şimali Atlantika Alyansı qısa və quru bir bəyanatla kifayətlənərək vəziyyətin normallaşdırılması naminə "bütün diplomatik səylər"i dəstəklədiyini bildirib.

ABŞ isə özünü sanki tanker problemindən uzaqlaşdırıb. Vaşinqton verdiyi bəyanatında vəziyyətin danışıqlar stolu arxasında həll ediləcəyinə ümid etdiyini bildirib.