CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bənövşə qılığında süni intellekt - Sofiya, kişilər sizdən nə istəyirlər?

Kişi alimlər illərlə çalışıb süni intellekt, robot yaradırlar, bir gün də həmin robot məsləhət vermək istəyəndə sahibi ona deyir: "Get, bozbaşını bişir!"
Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 22 iyul — Sputnik. İlkin Nəsirli 1994-cü ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Texniki Universitetində elektronika mühəndisliyi ixtisası üzrə həm bakalavr, həm magistratura səviyyəsində təhsil alıb. 

Robot Sofiyaya bənzəyən aparıcımız: "25 sözdən ibarət adı oxumağa çətinlik çəkmişdim"
Zavodda radiotexnik, daha sonra istehsalat mühəndisi kimi fəaliyyət göstərib. Daha sonra bütün elektrotexnikanın təmiri ilə məşğul olan şirkətdə çalışıb. Hal-hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Məlumat-Hesablama Mərkəzində fəaliyyət göstərir.

- 25 yaşınız var. İmza atdığınız layihələrin ideyası haradan qaynaqlanır?

- Layihənin gerçəkləşməsi bir neçə mərhələdən keçir. İlk mərhələ təmir prosesidir. İkinci mərhələ proqramlaşmanı öyrənmək, üçüncü mərhələ isə yığılmış savadın, enerjinin realizə olunmasıdır.

- İlk layihəniz hansı olub?

- Hal-hazırda Sabunçu rayonundakı Gənclər Mərkəzində olan ağıllı fontan sistemi ilk işimdir. Onun üzərində 6 ay işləmişəm. Sistemə uyğun olaraq fontan su ilə müxtəlif sözlər yaza bilir. Ölkəmizdə ilk olan bu layihənin alternativləri Dubayda və Yaponiyada da var.

- Məlumatımız var ki, süni intellekt yaratmağa çalışırsınız...

- O, digərlərindən fərqlənir. Qarşımıza qoyduğumuz məqsəd odur ki, kompüter özü düşünsün. Yəni komanda vermədən o özü nə etməyə qərar versin.

- Bu layihənizin adı nədir?

- Adını "Bənövşə" qoydum. Heç kim süni intellektə bu adı verməzdi. Ona görə bu qərarı verdim.

- Hal-hazırda Bənövşə hansı mərhələdədir?

- Bənövşə hal-hazırda böyüyür, mükəmməlləşmək istəyir. İstəyimiz bu sistemi insana bənzətməkdir. İnsan necə ki tədricən iməkləyir, yeriyir - proseslər də o cür inkişaf edəcək.

- Belə çıxır ki, bu layihəni araya-ərsəyə gətirmək üçün sizə böyük vaxt lazım olacaq.

-Təbii ki. Bu layihədə vaxt məhdudiyyəti yoxdur. Zaman keçdikcə informasiyalar bu sistemə əlavə olunacaq. Bu cihaz robot formasında olmayacaq. Amma insanların görə bildiyi işləri yerinə yetirəcək. Bu işdə əsas - beynin yaradılmasıdır. Hansı formada olması önəmli deyil. İlkin olaraq Bənövşə fiziki işlərlə məşğul olacaq. İnsanları bu qayğılardan azad edəcək.

Məşhur robot Sofiya Bakıda ənənəvi Azərbaycan libasında çıxış etdi

- Bəs intellektual işlər? Misal üçün, Bənövşə şahmat oynaya biləcəkmi?

- Əsas məqsədimiz düşünmə qabiliyyəti olan cihazın hazırlanmasıdır. Misal üçün, Sofiyanın (qadın obrazında robot, ginoid - red.) düşünmə qabiliyyəti yoxdur. Ona salam verməsən, salam verməz. Çünki o, bu cür proqramlaşdırılıb. Çox heyif ki, bu yöndə bizdə ancaq seminarlar keçirilir, amma ortaya iş qoymaqdan ötrü maliyyə ayrılması, layihələrin gerçəkləşdirilməsi haqda düşünülmür.

- Bu sahə ilə bağlı dərslik, tədris apara biləcək şəxslər varmı?

- Çox təəssüf ki, yoxdur. Universitetlərdə yalnız alqoritm öyrətməklə kifayətlənirlər. Süni intellektlər və innovativ yeniliklər tədris olunmur.

- Gələcəkdə hansı layihələr üzərində işləmək istəyirsiniz?

- Çox istəyirəm ki, süni həkim cihazı hazırlayım. Tibblə bağlı bütün kitabları, daha sonra həkimlərin keçdiyi təcrübələri həmin cihazın beyninə köçürüm. Bu olduğu təqdirdə xəstənin etdiyi müraciətə müvafiq dəqiq diaqnoz qoyula bilər. Bir həkimin fəaliyyəti dövründə qəbul etdiyi xəstələri bu proqram bir saniyədə qəbul edə bilər.