Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 22 iyul — Sputnik. XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar paytaxtda sərnişin daşıyan avtobusların hərəkətində ciddi ləngimə müşahidə olunmayıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyi-nin mətbuat katibi Mais Ağayev məlumat verib.
M.Ağayev bildirib ki, Bakıda keçirilən mötəbər idman oyunlarının və digər mərasimlərinin təşkilində əldə edilən uğurlu təcrübəyə söykənərək paytaxtımızın ev sahibliyi etdiyi XV Avropa Gənclər Yay Olimpiya Festivalının nəqliyyat əməliyyatlarının icrası da Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilir: "Dünən festivalın açılış mərasimi ilə bağlı daşımalar iki ekspress marşrut xətləri ilə həyata keçirilsə də, həmin avtobusların hərəkəti sərnişindaşımaya təsir göstərməyib".
Agentlik səlahiyyətlisi bildirib ki, festivalın keçiriləcəyi müddətdə yarış və qeyri-yarış məkanları yaxınlığından keçən ictimai nəqliyyat xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib: "Odur ki, minik avtomobilləri olan şəxslərdən xahiş edirik ki, yol kənarlarında dayanma-durma qaydalarına əməl etsinlər. Əgər dayanma-durma qaydalarına əməl edilərsə, sərnişindaşıma ilə məşğul olan avtobusların hərəkətində ciddi ləngimə müşahidə olunmayacaq".