CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycana festivala gələn əcnəbilər təcili yardım briqadasına müraciət etdilər

Son 3 gün ərzində Təcili Tibbi Yardım briqadasına 18 müraciət daxil olub
Sputnik

BAKI, 22 iyul — Sputnik. İyulun 19-dan 22-dək "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi Yardım briqadalarına ümumilikdə 18 müraciət olub.

Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi keçirilib

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, çağırışlardan 4-ü Atletlər kəndindən, 4-ü qonaqların qaldığı otellərdən, 3-ü yarışlar keçirilən idman arenalarından daxil olub. Çağırışların digər 2-si Bayraq Meydanı, 3-ü "Crystal Hall", 1-i İdman Akademiyası, 1-i Hövsan qəsəbəsinin Fövqəladə Hallar Nazirliyindən daxil olub. Müraciət edənlərdən 3-ü Kliniki Tibbi Mərkəz, 1-i 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Digər müraciət edənlərə isə elə yerindəcə yardım göstərilib.

Qeyd edək ki, müraciət edənlərdən 4-ü xarici ölkə, digərləri isə Azərbaycan vətəndaşlarıdır.

Bundan başqa, nazirlikdən verilən digər məlumata görə, "Jara" festivalında növbətçilik çəkən Təcili Tibbi Yardım briqadalarına 7 müraciət daxil olub. Müraciət edənlərə yerindəcə yardım göstərilib.