Türkiyədən Rusiyanın "Su-35" təklifinə cavab: ala bilərik

Xarici işlər naziri bəyanatında bildirib ki, "S-400" Amerika istehsalı olan "Patriot" kompleksləri ilə müqayisədə "daha yaxşı və qabaqcıl sistemdir"
Sputnik

BAKI, 22 iyul — Sputnik. Türkiyə "F-35" layihəsi çərçivəsində 1,4 milyard dollar ödəyib.

Sputnik Azərbaycan "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici işlər naziri Mevlut Çavuşoğlu ölkəsinin sözügedən layihədən çıxarılmasını şərh edərkən bəyan edib.

ABŞ "F-35"lərlə bağlı qərarını verdi

Xatırladaq ki, keçən həftə rəsmi Vaşinqton Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin Türkiyəyə tədarükü ilə bağlı Ankaranın "F-35" proqramından çıxarılmasına dair qərar qəbul edib.

"Layihənin digər iştirakçıları ABŞ-ın "F-35" qərarına qarşı çıxırlar", - Çavuşoğlu əlavə edib.

Türkiyə Xarici işlər naziri bəyanatında onu da bildirib ki, "S-400" Amerika istehsalı olan "Patriot" kompleksləri ilə müqayisədə "daha yaxşı və qabaqcıl sistemdir".

Xarici işlər naziri, həmçinin ölkəsinin Rusiya istehsalı olan "Su-35" döyüş təyyarələrini ala biləcəyini istisna etməyib: "... Türkiyə (lazım olan texnikanı – red.) özü istehsal edənədək ehtiyaclarını başqa mənbələrdən ödəyəcək və bu da onun ən təbii haqqıdır".

İyulun 18-də Rusiyanın "Rostex" dövlət korporasiyasının rəhbəri Sergey Çemezov "Su-35" döyüş təyyarələrinin Türkiyəyə tədarükünə dair müqavilə imzalana biləcəyini deyib: "Türkiyəli həmkarlarımız istəsələr, biz "Su-35" döyüş təyyarələrinin tədarükü üzərində işləməyə hazırıq".

"Suxoy Su-35" (NATO adı: Flanker-E) çoxyönümlü döyüş təyyarəsi "Su-27" təyyarəsinin təkmilləşdirilmiş törəmə versiyasıdır.

Xatırladaq ki, ötən həftə "S-400" zenit-raket komplekslərinin Türkiyəyə tədarükü başlayıb.