BAKI, 20 iyul — Sputnik. Bərdə rayonunun mərkəzində yerləşən ticarət obyektlərindən birində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Sputnik Azərbaycan-a verilən məlumata görə, yanğın rayonun Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. İlkin məlumata əsasən, rayon mərkəzində bir-birinə bitişik mağazalar yanıb.
İlkin məlumata görə, ümumi sahəsi 2000 m² olan, bir dam altında bir-birinə bitişik tikilən, müxtəlif təyinatlı obyektlərin (qalayçı sexi və mebel mağazaları) yanar konstruksiyaları 590 m² sahədə yanıb.
Tikililərin qalan hissəsi və yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.