Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 20 iyul — Sputnik. Azərbaycanın region teatrları da istirahətə yollanır. Belə ki, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi iyulun 16-da şair, yazıçı Sevinc Elsevərin Xocalı soyqırımı faciəsinə həsr olunmuş "Ürəyində arzu tut" tamaşası ilə 137-ci mövsümü başa vurub. Sputnik Azərbaycan xəbər verir ki, Sabirabad Mədəniyyət Mərkəzinin səhnəsində baş tutan tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.
Tamaşada Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu, eyni zamanda xalqımızın müharibədə keçdiyi əzab-əziyyətli yol, müharibənin acı nəticələri əks olunub.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Sərvər Əliyev, rejissor köməkçisi Bəhruz Hikmətoğlu, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.
Rollarda Əməkdar artist Xatirə Süleymanova, aktyorlar Pərvin Dadaşova, Bəhruz Hikmətoğlu, Məhərrəm Musayev, Ruhiyyə Eyvazova, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynova və Arzuman Tanrıverdi çıxış ediblər.
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü, regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi iyulun 3, 12, 16-da Gəncə, Şəki və Sabirabadda yazıçı Sevinc Elsevərin "Ürəyində arzu tut" tamaşası ilə qastrol səfərində olub.
Lənkəran Dövlət Dram Teatrı isə Bəhram Beyzayinin "Senemar" faciəsi ilə özünün 128-ci mövsümünə yekun vurub.
İstirahət öncəsi teatr "Senemar" tamaşasını nümayiş etdirib. Bu səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Səyad Əliyev, Aynur Əhmədova, Emin Fərzullayev, Rauf Zeynalov və Amil İbrahimli ifa ediblər.
Qeyd edək ki, teatrın truppası keçən il noyabrın 20-dən 25-nə kimi İran İslam Respublikasının Həmədan şəhərində 25-ci Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında Əjdər Olun "Meşəbəyinin dostları" musiqili nağıl-tamaşası, həmçinin qonşu ölkənin Zəncan şəhərində iyulun 8-dən 12-nə kimi davam edən Milli Teatr Festivalında Emil Əskərovun "Sehrbazlar dərəsi" nağıl-tamaşası ilə Azərbaycanı təmsil edib. Sənət ocağı iyunun 1-dən 5-nə kimi 1-ci Lənkəran Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib.