CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Yer altı"ndan gələn təhlükə - inzibati məsuliyyət insan itkisini əvəz eləmir

Bəzi müəssisə rəhbərləri bu tədbirləri həyata keçirmir, nəticədə baş vermiş yanğının aşkar edilməsi, miqyası və həcmi böyümədən insanların müdaxiləsi olmadan dərhal söndürülməsi mümkünsüz olur
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 19 iyul — Sputnik. İnsanların rahatlığının təmin edilməsi məqsədilə qüvvədə olan normativ sənədlərə uyğun olaraq, ictimai və yaşayış binalarının zirzəmi mərtəbələrində avtomobillərin saxlanılması üçün dayanacaqlar nəzərdə tutulur. Bu zaman yanğın təhlükəsizliyinin təmin edilməsi məqsəd olaraq ön plana keçirilir. Bəs yeraltı avtomobil dayanacaqlarında yanğın təhlükəsizliyi qaydalarına necə əməl olunmalıdır?

"Yer altı"ndan gələn təhlükə - inzibati məsuliyyət insan itkisini əvəz eləmir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeraltı avtomobil dayanacaqlarında baş verə biləcək yanğının aşkar edilməsi üçün avtomatik yanğın xəbərverici, qısa zaman kəsiyində söndürülməsini təmin etmək üçün avtomatik yanğınsöndürmə, yanma zamanı əmələ gələn tüstünün bayıra xaric olunması üçün isə tüstü xaricetmə qurğularının, daxili yanğın su kranlarının quraşdırılması zəruridir:

"Əlbəttə, yanğının söndürülməsi üçün zəruri olan xarici və daxili su ehtiyatını unutmamaq lazımdır. FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada sözügedən obyektlərə baxış keçirilir və yalnız yanğın təhlükəsizliyi norma və qaydalarına cavab verdiyi təqdirdə istismarına dair müsbət rəy verilir".

Bakıdakı məşhur dükanlar şəbəkəsində yanğın nədən baş verib?

E.Babayev əlavə edib ki, Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanununun və Yanğın Təhlükəsizliyi Qaydalarının müvafiq maddələrinin müddəalarına görə, müəssisələrdə yanğın təhlükəsizliyinin təmin edilməsinə cavabdeh həmin müəssisələrin rəhbərləridir.

"Tərəfimizdən aparılmış müşahidələrə əsaslanaraq söyləmək istəyirəm ki, bəzi müəssisə rəhbərləri yanğın təhlükəsizliyi ilə bağlı üzərlərinə düşən vəzifələrin icrasına etinasız yanaşırlar. Yəni bina istismara qəbul edildikdən bir müddət sonra yanğından müdafiə qurğularının mövcud vəziyyəti yoxlanılmır, onlara ixtisaslaşmış təşkilatlar tərəfindən vaxtaşırı qulluğun göstərilməsi üçün əməli işlər həyata keçirilmir. Halbuki, yanğından müdafiə üzrə mühəndis sistemlərinin, yəni yanğın kranları və hidrantlar, yanğınsöndürmə nasos qurğuları, yanğın siqnalizasiyası, tüstü əleyhinə müdafiə, insanların yanğın barədə xəbərdaretmə sistemləri, təxliyə çıxışlarının açıq vəziyyətdə olması ildə bir dəfədən az olmamaqla yoxlanılmalıdır. Əfsuslar olsun ki, bəzi müəssisə rəhbərləri bu tədbirləri həyata keçirmir, nəticədə baş vermiş yanğının aşkar edilməsi, miqyası və həcmi böyümədən insanların müdaxiləsi olmadan dərhal söndürülməsi mümkünsüz olur", - deyə şöbə rəisi əlavə edib.

E. Babayev qeyd edib ki, zirzəmi mərtəbədə yerləşən avtodayanacaq sahəsində istər avtomobilin, istərsə də hər-hansı bir yanar maddənin yanmasından ayrılan tüstünün həmin sahədən xaric edilməsi üçün mütləq qaydada tüstü xaricetmə qurğularının və bu qurğuya işə düşməsi üçün məlumatı ötürəcək avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun, söndürməni təmin edəcək və istifadə ediləcək qurğuları su ilə qidalandıracaq nasosların, su mənbələrinin saz vəziyyətdə saxlanılması vacibdir.

Bina tikənlərin qarşısında yeni tələb qoyuldu - Onlar buna sevinməyəcəklər

Qeyd edək ki, ildə iki dəfədən az olmayaraq təyinatından asılı olmayaraq hər bir obyekt rəhbərinə mövcud yanğına qarşı çatışmazlıqları ehtiva edən "Göstəriş" və ya tövsiyə məktubları təqdim olunur və ya ünvanlanır. Rəsmi müraciətlər zamanı mövcud qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirilir, inzibati xətaya yol vermiş şəxslər barəsində protokollar tərtib olunur. Mütəmadi olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən kütləvi informasiya vasitələrindən istifadə edilərək vətəndaşların yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsi həyata keçirilir.

Əlbəttə, mülkiyyət formasından asılı olmayaraq yanğın təhlükəsizliyi qaydalarına əməl etməyən müəssisə, fiziki və hüquqi şəxlər haqqında İnzibati Xətalar Məcəlləsində cəzalar nəzərdə tutulub. Amma nə cəza, nə də inzibati məsuliyyət hansısa yanan müəssisənin, həyatını itirmiş insanın itkisini geri qaytara bilməz. Ona görə də inzibati məsuliyyətə görə deyil, gəlin bir məsuliyyətli vətəndaş kimi yanğının baş verməməsinə çalışaq, yanğın adlı bəlanın qarşısını alaq. Bunun üçün hamılıqla və hər yerdə yanğın təhlükəsizliyi qaydalarına əməl edək!