CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlikdən valideynlərə sürpriz: hamısı yeni olacaq - Eksklüziv

2019/2020-ci tədris ilinə ümumtəhsil müəssisələrinin I sinifləri üçün "Azərbaycan dili (tədris dili)", "Riyaziyyat" və "İngilis dili (əsas xarici dil)" fənləri üzrə yeni baza (ehtiyat) dərsliklər hazırlanıb
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 17 iyul — Sputnik. Bir müddətdir ki, dövlət ümumtəhsil müəssisələri üçün nəşr olunması nəzərdə tutulan dərsliklər ictimai müzakirəyə çıxarılır. Bəs görəsən, dərsliklərin ictimai müzakirəyə çıxarılması onların keyfiyyətinə təsir edəcəkmi?

Suala aydınlıq gətirməzdən öncə qeyd edək ki, indiyədək orta məktəblər üçün kurikulum proqramı üzrə hazırlanan dərsliklərin uşaqların qavrama qabiliyyətinə uyğun olmadığı, psixi və fiziki inkişafı nəzərə alınmadan çap edilməsi ilə bağlı narazılıqlar vardı. Sputnik Azərbaycan dövlət ümumtəhsil müəssisələri üçün nəşr olunması nəzərdə tutulan dərsliklərin ictimai müzakirəsi, çapı məsələsini araşdırıb.

Məktəbli çantası probleminin "həlli yolu" - Daha çox dərslik lazımdır

Təhsil üzrə ekspert Kamran Əsədov dərsliklərin çap olunmazdan öncə ictimai müzakirəyə çıxarılmasının müsbət hal olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, dərsliklərin ictimai müzakirəsi daha keyfiyyətli hazırlanmasına xidmət edən addımdır. Amma K.Əsədov əksər hallarda dərslik müəlliflərinin ictimaiyyətin iradlarını qəbul etmədiyini deyir. Onun sözlərinə görə, dərslik müəlliflərinin buna qanunla hüququ da var: "Dərslik təhsilin bel sütunudur. Müəlliflər yeni hazırlanan dərsliklərlə bağlı iradları qəbul etsələr, düşünürəm ki, dərslik çapında xeyli qüsurlar aradan qalxar. Bəzən bayağı şairlərdən pul alıb onların şeirlərini dərsliyə salırlar. İrad tutanda isə razılaşmırlar. Dərsliklərin anlaşılan formada olması çox vacibdir. Çox təəssüf ki, bizdə dərsliklər çox qısa müddətə yazılır. Xarici ölkələrdə dərslik iki ilə yazıldığı halda, bizdə iki-üç ay vaxt çəkir. Bu da dərsliyin keyfiyyətsiz olmasına gətirib çıxardır. Halbuki dərsliklər hazırlandıqan sonra məktəblərdə sınaq üçün istifadəyə verilməli, orta məktəb müəllimləri tərəfindən müsbət rəy alarsa, şagirdlər tərəfindən yaxşı mənimsənilərsə, çapına icazə verilir".

K.Əsədov həmçinin uzunmüddətli dərslik proqramının da dərslik çapında nəzərə alınmalı olduğunu söyləyir. O, bildirir ki, illər öncə hazırlanan dərsliklərin proqramları valideynlər üçün də asan idi. Buna səbəb isə dərslik proqramının uzunmüddətli olması idi: "İndi isə dərsliklər valideynlər üçün çətin gəlir. Çünki yeni proqramla hazırlanıb, tez-tez dəyişir. Həmin valideynlər də o dərsliklərdən dərs keçmədiklərindən uşaqlarını repetitor yanına göndərirlər. Bu məqamlar dərslik çapında nəzərə alınmalıdır".

Təhsil Nazirliyindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildiriblər ki, 2019/2020-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün ümumilikdə 322 adda dərslik və metodik vəsait çap ediləcəkdir. Yeni hazırlanan və təkmilləşdirilən dərslik və metodik vəsaitlər I, IV, VII və VIII sinifləri əhatə etməklə ümumilikdə 125 addadır: "Hazırda tədris resurslarının idarəolunmasının məlumat sistemi kimi fəaliyyət göstərən www.trims.edu.az saytında 125 adda dərslik və metodik vəsaitin layihəsi vardır. İctimai rəyin öyrənilməsi üçün www.trims.edu.az saytına yerləşdirilən bütün dərslik və metodik vəsaitlərin 2019/2020-ci tədris ilinə nəşri nəzərdə tutulub.

Dərslik müəllifi olmaq şansınız var

Qaydalara görə, tədris planına yeni fənn daxil olduqda, hər hansı bir fənn üzrə kurikuluma ciddi dəyişiklik edildikdə və ya hər hansı dərslik mənəvi cəhətdən köhnəldikdə məzmun etibarı ilə yeni dərsliklər yaradıla bilər. Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən 2019/2020-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil müəssisələrinin I, IV, VII və VIII sinifləri üçün ümumilikdə 125 adda dərslik və metodik vəsait təsdiq edilmişdir. Bu dərslik və metodik vəsaitlər "Azərbaycan dili (tədris dili)", "Xarici dil", "Azərbaycan dili (dövlət dili)", "Həyat bilgisi", "İnformatika", "Musiqi", "Riyaziyyat", "Təsviri incəsənət", "Texnologiya", "Rus dili (tədris dili)", "Azərbaycan tarixi", "Biologiya", "Coğrafiya", "Ədəbiyyat", "Fizika", "Fiziki tərbiyə", "Kimya", "Qarabağ tarixi (fakültativ kurs)" və "Ümumi tarix" fənlərini əhatə edir. 2019/2020-ci tədris ilinə ümumtəhsil müəssisələrinin I sinifləri üçün "Azərbaycan dili (tədris dili)", "Riyaziyyat" və "İngilis dili (əsas xarici dil)" fənləri üzrə yeni baza (ehtiyat) dərsliklər hazırlanmışdır. Baza (ehtiyat) dərsliklərin hazırlanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.10.2016-cı il tarixli 611s nömrəli sərəncamına uyğun olaraq birbaşa müqavilə əsasında həyata keçirilir və onun hazırlanması üçün müsabiqə elan edilmir".