CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda "ingilis planı" - bütün rayonlarda tətbiq olunacaq

Konsepsiyanın həyata keçirilməsi sürətlə davam edir, gələcəkdə onun digər rayonlarda da tətbiq olunacağı nəzərdə tutulub
Sputnik

BAKI, 16 iyul — Sputnik. İyulun 10-dan etibarən Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Nərimanov rayonunda yeni pilot layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrasına başlanılıb.

"Hamımız bu zibilin ortasındayıq"

Sputnik Azərbaycan Bakı Şəhər İcra Hakimiyyətinin məlumatına istinadla xəbər verir ki, layihə Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti ilə birgə hazırlanıb və həyata keçirilir.

Hazırlıq dövründə Bakı Şəhər və Nərimanov Rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər, könüllülər fəal iştirakı ilə məhəllə və həyətlərdə sakinlərlə maarifləndirici-izahedici görüşlər keçirilib, yeni layihə barədə vətəndaşlara ətraflı məlumat verilib.

İşlər çərçivəsində rayonun hər bir məhəlləsində məişət tullantıları üçün yaradılan meydançalara 2 rəngdə - yaşıl və narıncı rəngdə yeni, müasir konteynerlər quraşdırılıb. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə 2 cür - yaşıl və narıncı çeşidləyici paketlər və izahedici bukletlər paylanılıb, bloklara, həyətlərə, binalara maarifləndirici reklamlar yapışdırılıb. Əraziyə cavabdehlər təyin olunub, könüllülər gündəlik marifləndirmə işlərini davam etdirirlər. Sanitar-gigiyena tələblərinə uyğun mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir.

İcra Hakimiyyətindən bildirilib ki, layihənin həyata keçirilməsinin ilk günləri öz müsbət nəticələrini verib. Artıq rayondakı çeşidləmə mərkəzinə daxil olan təkrar emal tullantıların həcmində artım müşahidə olunur.

Bakıda diri cücələri zibilliyə kim atıb? - Açıqlama
Bunu Konsepsiyanı hazırlayan Mott MacDonald şirkətinin məsul nümayəndəsi də xüsusi qeyd edib. Bildirilib ki, bəzi ölkələrdə, o cümlədən Rusiya, Türkiyə, Gürcüstanda buna nail oluna bilinmədi: "Lakin sürətlə inkişaf edən ölkəmizdə biz bu işlərə də nail olacağıq və sakinlərimizə eksperimentin ilk günlərində fəal olduqları, bu işlərdə bizə dəstək olduqları üçün öz minnətdarlığımızı bildiririk və Nərimanov rayon sakinlərini layihənin həyata keçirilməsində daha fəal olmağa çağırırıq".

Konsepsiyanın həyata keçirilməsi sürətlə davam edir, gələcəkdə onun digər rayonlarda da tətbiq olunacağı nəzərdə tutulub.

Layihə şəhərin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edəcək.