BAKI, 15 iyul — Sputnik. 14 iyul 2019-cu il tarixində Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib.
Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, bu cür hərəkətlərə yol verilməsi Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin ruhuna tamamilə ziddir və bunu iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat kimi qiymətləndirilir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu insidentin araşdırılaraq müvafiq tədbirlərin görülməsi və görülmüş işlərə dair XİN-in məlumatlandırılmasını qarşı tərəfdən tələb edib.