BAKI, 15 iyul — Sputnik. Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən "Qarabağ" futbol klubu bu mövsüm üçüncü transferini reallaşdırıb.
Sputnik Azərbaycan klubun rəsmi Facebook səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Rerras Faysalı heyətinə qatıb. Mərakeşli müdafiəçiylə iki illik müqavilə imzalanıb. 26 yaşlı müdafiəçi sonuncu dəfə Fransanın "Bezye" klubunda çıxış edib.
"Qarabağ" yay fasiləsində ispaniyalı yarımmüdafiəçi Xayme Romero və braziliyalı müdafiəçi Ailton Silvanı da heyətinə cəlb edib.
Qeyd edək ki, "Qarabağ" FK bu il ölkəmizi Çempionlar Liqasında təmsil edir. "Köhlən atlar" ÇL-nin I təsnifat mərhələsində Albaniyanın "Partizani" klubu ilə mübarizə aparır. Ötən həftə Albaniyada keçirilən "Partizani" - "Qarabağ" oyununda qapılara qol vurulmayıb. Cavab görüşü iyulun 17-də Bakıda baş tutacaq.