BAKI, 13 iyul — Sputnik. Vergilər Nazirliyi "Kiçik sahibkarlıq subyektlərinin ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması" qaydalarını və bununla bağlı bildiriş formasını təsdiq edib.
Sputnik Azərbaycan "Vergilər" qəzetinə istinadla xəbər verir ki, qaydalar Vergi Məcəlləsinə və digər normativ-hüquqi aktlara uyğun hazırlanıb və Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatı tətbiq etməklə fəaliyyət göstərən kiçik sahibkarlıq subyektlərinin ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması xidməti ilə bağlı məsələləri tənzimləyir.
"ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması" xidməti dedikdə, həmin bəyannamələrin Vergilər Nazirliyinin uçot-baza məlumatları əsasında vergi orqanları tərəfindən hazırlanması nəzərdə tutulur.
Bu xidmətdən yalnız Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan, nəzarət-kassa aparatından istifadə edən kiçik sahibkarlıq subyektləri faydalana biləcəklər.
ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması xidməti yalnız vergi orqanı ilə elektron sənəd mübadiləsi haqqında müqavilə bağlayan, eləcə də bəyannamə və hesabatları elektron formada təqdim edən vergi ödəyiciləri üçün nəzərdə tutulub. Yeni qaydalar sahibkarların ƏDV bəyannamələrinin tərtibi ilə bağlı maliyyə sanksiyalarına məruz qalma risklərini, bəyannamənin tərtibatına sərf edilən vaxtlarını və inzibati xərclərini minimallaşdırmaq məqsədi daşıyır.
ƏDV bəyannaməsinin əvvəlcədən doldurulması zamanı bir sıra informasiya sistemlərindən, o cümlədən dövlət reyestri, Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı, elektron qaimə-faktura, elektron vergi hesab-fakturası, yük gömrük bəyannaməsi, notarius, ƏDV depozit hesabı və əmək müqavilələri bildirişləri üzrə informasiya sisteminin məlumatlarından istifadə olunacaq.
Qaydalara əsasən, vergi ödəyicisi bu xidmətdən istifadə üçün ərizə ilə müraciət etdikdə, vergi orqanı 5 iş günü ərzində ona ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması xidmətinə qoşulması barədə bildiriş göndərməlidir. Yeni xidmətdən istifadə hüququ əldə edən vergi ödəyicisinin ƏDV bəyannaməsi hesabat ayı başa çatdıqdan sonra 5 iş günü ərzində müvafiq vergi orqanı tərəfindən elektron formada hazırlanaraq vergi ödəyicisinə təqdim olunacaq.
Zərurət yarandığı təqdirdə, vergi ödəyicisi göndərilmiş bəyannamədə müvafiq dəqiqləşdirmələr apara bilər. Ancaq bunu ƏDV bəyannaməsinin təqdim olunması müddəti başa çatanadək etməli və bəyannaməni təsdiqləməlidir.
Qaydalara əsasən, vergi orqanı tərəfindən ƏDV bəyannaməsi əvvəlcədən hazırlanaraq vergi ödəyicisinə göndərildikdə vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində göstərilən məlumatların Vergi Məcəlləsinin 85.5-ci maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla dəqiqləşdirilməsi hüququ vardır. Bununla yanaşı, vergi ödəyicisi ƏDV bəyannaməsinin əvvəlcədən doldurulması xidmətindən imtina edə bilər.
Vergi orqanları kiçik sahibkarlıq subyektlərinin ƏDV bəyannamələrini onların əvəzinə əvvəlcədən dolduracaq. Bu zaman informasiya sistemlərindən, dövlət reyestri, Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı, elektron qaimə-faktura, elektron vergi hesab-fakturası, yük gömrük bəyannaməsi, notarius, ƏDV depozit hesabı və əmək müqavilələri bildirişləri üzrə informasiya sisteminin məlumatlarından istifadə olunacaq.