BAKI, 12 iyul — Sputnik. İsveçrənin Sürix kantonunun sakini evinin yanındakı qarajda toyuq saxlayan qonşusunu məhkəməyə verib.
Sputnik Azərbaycan xəbər verir ki, bu haqda "Neue Zurcher Zeitung" qəzeti yazır.
Məlumata görə, şikayətçinin narazılığına qonşusunun xoruzu səbəb olub. Onun fikrincə, xoruz çox ucadan və tez-tez banlayır.
Öz iddiasını sübut etmək üçün şikayətçi hətta ev quşunun neçə dəfə banladığını sayıb. Onun sözlərinə görə, xoruz saatda 14-44 dəfə banlayır və onun səsi 15 metr məsafədə yayılaraq 84 desibelə çatır. Məhkəmə şikayətçinin tələbini qismən təmin edib. Hakimin göstərişinə əsasən, xoruzun sahibi ev quşunun həftə içi və şənbə günləri gecə saat 10-dan səhər saat 8-ə kimi və bazar günləri gecə saat 10-dan səhər saat 9-a kimi banlamamasını təmin etməlidir.
Bundan başqa, hakim xoruzun hindən çıxmasına da "qadağa" qoyub.