Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 10 iyul — Sputnik. Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları güclü təsiredici narkotik vasitənin təsiri altında sərnişin daşıyan sürücünü saxlayıblar. Eyni zamanda, onun idarə etdiyi avtomobildən də narkotik vasitə aşkarlanıb.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan əldə etdiyi məlumata görə, taksi kimi idarə etdiyi “Tofaş” markalı minik avtomobili ilə Bakıdan Astaraya sərnişin daşıyan Bakı şəhəri Bülbülə qəsəbəsinin sakini Əvəz Abbasov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Astara şəhəri ərazisində Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb.
Saxlanılan zaman nəqliyyat vasitəsini idarə etmək üçün ona verilən etibarnamənin vaxtının bitdiyi, avtomobilin isə texniki baxışdan keçmədiyi müəyyən edilib. Bundan əlavə, hərəkətləri şübhə doğurduğu üçün o, tibbi müayinəyə dəvət edilib. Saxlanılan Ə. Abbasovun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib. Polis əməkdaşlarının onun idarə etdiyi nəqliyyat vasitəsinə keçirdikləri baxış zamanı avtomobildən narkotik vasitə və bir ədəd şpris aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma davam etdirilir.