İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 9 iyul — Sputnik. Ötən günlərdə Sputnik Azərbaycan-ın əməkdaşı Şirvan Milli Parkında olub, Bəndovan yasaqlığı, itmiş şəhər, Bəndovan piri haqqında maraqlı məlumatlar əldə edib.
Öncə onu deyim ki, ərazi kifayət qədər böyükdür. Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində ümumi ərazisi 65580 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisinin 54373,5 hektarında Şirvan Milli Parkı, 6232 hektarında Şirvan Dövlət Təbiət Qoruğu və 4930 hektarında isə Bəndovan Dövlət Təbiət Yasaqlığı yerləşir.
Şirvan Milli Parkı Bakıdan 120 kilometr uzaqlıqdadır. Burada məməli heyvanların respublikamızda yayılmış bütün dəstələrinin nümayəndələrinə rast gəlinir. Ərazidə boz dovşan, canavar, çaqqal, tülkü, gəlincik, safsar, porsuq, qamışlıq pişiyi, çöl pişiyi, xəzər suitisi, çöl donuzu, ceyran və digər heyvanlar var. Bunlardan ceyran, safsar və çöl pişiyi respublikamızın "Qırmızı Kitab"ına daxil edilib.
Milli Parkın girişində bizi parkın müdir müavini Seymur Kərimov qarşılayır. Tanışlıqdan sonra üç saatlıq maraqlı və eyni zamanda yorucu bir səyahət başlayır.
Seymur Kərimovun məsləhəti ilə əvvəlcə Bəndovana – itmiş şəhərə baş çəkirik.
Yolboyu S. Kərimov bizə Milli Park haqqında məlumatlar verir, ara-sıra gözədəyən ceyranları göstərir.
Kərimovun sözlərinə görə, yay fəslində parkda xeyli ilan olur. Bu da çox təhlükəlidir. İlan adını eşidib, daha diqqətli olmağa çalışırıq.
Bəndovan - itmiş şəhər
Şirvan Milli Parkına daxil olandan sonra 31 kilometr irəliləyib Bəndovana çatırıq.
İndi bu şəhərin sadəcə adı qalıb. Deyilənə görə, əsrlər öncə burada əhalisi dulusçuluqla məşğul olan bir şəhər olub. Sonradan dənizin səviyyəsi qalxıb, əhali köçüb gedib, şəhər də qalıb suyun altında.
Bəndovan Dövlət Təbiət Yasaqlığı 1961-ci ilin noyabrında Salyan və Qaradağ rayonlarının ərazisində yaradılıb. Yasaqlığın yaradılmasında əsas məqsəd ərazidəki ceyranları və digər məməli heyvanları, köçəri və oturaq su və quru quşlarını qoruyub artırmaq olub.
Seymur Kərimovun sözlərinə görə, mütəmadi olaraq dəniz suyun altında qalmış şəhərin qalıqlarını üzə çıxarır. Həmin qalıqlar əsasən dulusçuluq məmulatları olur: "1968-ci ildən başlayaraq bir neçə il ərzində Xəzər dənizində və sahilində Azərbaycan Tarix Muzeyinin tarixi-arxeoloji ekspedisiyası tədqiqat aparıb. Bu zaman Xəzərdə su altında olan adalar və sahildə arxeoloji abidələr tapılıb. Onların içində əsas maraq yaradan Bəndovan şəhərinin (Nord-Ost-Kultuk, Bəndovan burnundan 20 km cənuba) qalıqları sahildə müəyyən edilib. Şəhər Xəzər dənizinin çoxqatlı müasir çöküntüləri altındadır. Bəzi sahələrdə qat 2 metrə qədər yüksəlir. Bəzilərində dəniz səviyyəsinə qədər enir. Arxeoloji material 1,7 metr dərinlikdə, ləpədöyən zolağında, sahilboyu 10 km uzunluğunda qeydə alınıb".
Bəndovan IX-XIII əsrlərə aid bir şəhərdir. Öz dövrü üçün böyük şəhərlərdən biri olub və İpək Yolunun üzərində yerləşib. Şəhərin əhalisi əsasən dulusçuluqla məşğul olsa da, ərəb səyyahları yazırmışlar ki, həmin ərazilərdə düyü tarlaları var və əhali suda yaşayan quşlar saxlayır. X əsrdən sonra Xəzər dənizinin səviyyəsinin artması XIII-XIV əsrlərdə şəhərin su altında qalmasına səbəb olub.
Bəndovan piri
Bəndovan piri Şirvan Milli Parkı ərazisində yerləşir. Pir qədim tarixə malikdir. Buraya əsasən Xıdırlı kəndinin əhalisi gəlir. Deyilənə görə, burada peyğəmbərin səhabələrindən biri dəfn edilib. Həmin şəxsin kimliyi məlum olmasa da, ərazi müqəddəs hesab edilir. İnsanlar bu pirə inanc yeri kimi baxır və istəklərinin yerinə yetdiyini söyləyirlər.
Məzarlar qədim tarixə malik olsa da, pirin ətrafındakı tikililər yenidir. Pirin qarşısında insanların istirahəti üçün köşk tikilib. Ancaq pirə baxanda hiss olunur ki, uzun müddətdir ki, buraya gələn olmayıb. Məzarların tozu, pirin içində olan qab-qacağın toz-torpaq içində olması bunu sübut edir.
Milli Park və turistlər
S. Kərimov qeyd edir ki, hazırda turistlər üçün xidmət yerləri planlaşdırılır. Burada gələcəkdə restoranlar, qalacaq yerləri, suvenir dükanları və s. obyektlərin olması planlaşdırılır. Hazırda turistlər öz çadırları ilə gəlib qalırlar.
Kiçik turist qrupları bələdçilərlə Milli Parka buraxılırlar. İstəyənlər isə bələdçinin müşayiətindən imtina edə bilərlər. Ərazi düzəngah olduğu üçün burada yolu səhv salmaq mümkün deyil.
Ümumi olaraq turist üçün çətin, yaxud qorxulu gəzinti deyil. Çünki gələn turistə marşrutlar başa salınır: "Turist isti vaxtda piyada gəzmək istəyirsə, qoyulan qadağalara əməl etmək lazımdr. İsti havalarda çox zaman turistlər avtomobilsiz buraxılmırlar. Xüsusən günorta saatlarında piyada gəzmək olmaz. Hər dayaq məntəqəsinə zibil qabları qoymuşuq. Bunu gələn turistə də başa salırıq ki, əraziyə zibil atmamalıdır. Amma olur. Keçmişə baxdıqda indi kütləvi zibilləmə halları baş vermir. Milli Park ərazisində tonqal qalamaq, siqaret çəkmək, siqnal vermək, səs-küylü mahnıya qulaq asmaq, uşaqları nəzarətsiz buraxmaq və marşrutdan kənara çıxmaq olmaz".
Milli Park ərazisində 100 hektarlıq, ətrafı qamış və digər su bitkiləri ilə örtülmüş "Qızılqaz" gölü yerləşir. Göl Çala Göl və Flaminqo gölü olaraq da adlanır.
Azərbaycanın bir çox gölləri kimi Qızılqaz da kanal suyu ilə (Şirvan kanalı) qidalanır. Susevər bitkilərin, xüsusilə də pambığın, əkinlərin sahəsi daraldığından irriqasiya kanallarının suyu da kəskin surətdə azalıb. Bu da gölün səviyyəsinə təsir edir. Qızılqaz gölü XX əsrin 50-ci illərində Milli Parkın ərazisindən keçən Salyan su toplayıcı kanalının yaranması nəticəsində əmələ gəlib və su, bataqlıq quşlarının yaşayışı üçün xüsusi əhəmiyyət kəsb edir.
Göldən bir qədər kənarda estakadalar var. Burada Milli Parkın əməkdaşları iki gündən bir növbə çəkirlər.
Estakadaya çıxan zaman ətraf ovuc içi kimi görünür. Yəni buradan Milli Parkın bütün ərazisini müşahidə etmək mümkündür.
Geri qayıdırıq, yenə qarşımızdan ceyranlar, cüyürlər şütüyür. Milli Parka səyahət maraqlıdır, ancaq burada ziyarətçilərin istəklərinə uyğun istirahət mərkəzləri yaradılsa, yaxşı olardı. Çünki ərazi böyükdür. Bir gün gəzməklə Parkı yaxşı bilmək olmur. Biz bir neçə saat ərzində bacardığımız qədər gəzib, görməyə çalışdıq.
Siz də gedin. Bilet çox ucuzdur, cəmi 2 manat…