İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 9 iyul — Sputnik. Artıq bir aya yaxındır ki, ölkədə rəsmi olaraq çimərlik mövsümü başlayıb. Dənizkənarı istirahət mərkəzlərinin bəzilərində təhlükəsizlik qaydalarına əməl edilsə də, bəzi obyektlər hələ də qaydalara riayət etmir. Belə ki, Nazirlər Kabinetinin 22 oktyabr 1998-ci il 216 nömrəli "Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi" barədə qərarında yer almış müddəaların heç biri həyata keçirilmir.
Qərara görə, kütləvi istifadə üçün ayrılmış (seçilmiş) çimərliklərdə, sahilboyu zolağın altında olan və ona bitişik torpaq sahələrinin vəziyyəti sanitar-epidemioloji tələblərə uyğun olmalı, çirklənməyə və bataqlıqlaşmaya məruz qalmamalıdır.
Eyni zamanda, su obyektlərinin dibinin dərinliyi sahildən uzaqlaşdıqca tədricən enərək 1,75 m-dən artıq olmamalı, burada çimənlər üçün təhlükə yaradan çıxıntı və çuxurlar, sualtı daş və qayalar, suya batmış qol-budaqlı ağaclar, cəng və lehmələr və digər yad cisimlər olmamalıdır.
Qərarda həmçinin qeyd edilib ki, uşaqların çimməyi üçün ayrılmış sektorlarda su obyektlərinin dibi az meylli, dərinliyi əsasən 0,4-0,5 m olmaqla 0,70 m-dən artıq olmamalı, su obyektlərinin dibi alçaq temperaturlu qrunt suları qaynaqlarından azad olmalı, su axınlarının sürəti 0,5 m/san-dən artıq olmamalıdır. Başqa sözlə, uşaqlar üçün xüsusi çimərliklər olmalıdır. Ancaq bu gün Bakının demək olar ki, bir çox çimərliklərində uşaqlar üçün xüsusi ərazi nəzərdə tutulmayıb. Uşaqlar da böyüklərlə eyni ərazidə çimir. Bu isə həm onların sağlamlığı, həm də həyatı üçün təhlükəlidir.
Qərarda həmçinin qeyd edilib ki, uşaqlar üçün çimərlik yerlərində bir nəfər üçün istirahət ərazisi 8 kv metr nəzərdə tutulub. Amma təəssüflə qeyd etmək lazımdır ki, qərarda qeyd edilən şərtlərin çox az hissəsi həyata keçirilir.
Bakı sakinləri çimərlikdə təhlükəsizlik qaydalarını bilmədikləri üçün uşaqların onlarla birlikdə istirahət etməsini daha məqsədəuyğun hesab edirlər.
Ancaq çimərliklərdə təhlükəsizlik qaydalarına əməl edilməməsi vətəndaşların ölümü ilə nəticələnir.
Təhlükəsizlik eksperti Elmar Nurəliyev hesab edir ki, indiki vəziyyətdə çimərlik fəaliyyəti ilə məşğul olan sahibkarlar və FHN-nin sularda xilasetmə xidməti çimərliklərdə təhlükəsizlik qaydalarına nəzarət etməlidir. Onun sözlərinə görə, hələlik çimərliklərlə bağlı hər hansı bir xüsusi qanun olmadığı üçün cəza mexanizmi də yoxdur: "Aidiyyatı dövlət qurumlarının bu sahəyə nəzarət mexanizmi yoxdur. Vətəndaşlar dövlət tərəfindən qadağan edilmiş çimərliklərə getməməlidirlər. Ölümlə nəticələnən boğulma hadisələrinə nəzər yetirsəniz görərsiniz ki, ölüm hadisələri daha çox nəzarətsiz çimərlik ərazilərində baş verir. Bu kimi halların qarşısını almaq üçün müəyyən nəzarət sistemi yaradılmalıdır. Buna hüquq mühafizə orqanları nəzarət edə bilər".
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizovun 24 may 183 saylı sərəncamı ilə Binəqədi, Səbail, Xəzər, Pirallahı, Sabunçu, Suraxanı və Qaradağ rayonlarının icra hakimiyyətlərinə şirkətlərə ayrılmış çimərlik zonalarında mövsümə hazırlıq və abadlıq işlərini nəzarətə götürmək və lazımi tədbirlərin həyata keçirilməsi tapşırılıb.
Amma görünən odur ki, yayın bir hissəsi geridə qalsa da, hələ icra qurumları tərəfindən heç bir nəzarət yoxdur.